Türk dünyasının qardaşlıq rəmzinə çevrilən qazaxıstanlı döyüşçü
Azərbaycanın Qarabağ müharibəsi tarixində ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə müxtəlif ölkələrdən qoşulan könüllülərin də iz qoyduğu bildirilir.
ERAmedia xəbər verir ki, həmin şəxslər arasında Qazaxıstandan Azərbaycana gələrək Birinci Qarabağ müharibəsində könüllü döyüşmüş Yerbol Barımbetov da yer alır.
Məlumata görə, Qarabağda baş verən hadisələrə biganə qalmayan Barımbetov Azərbaycana gəlib və cəbhə bölgəsində döyüşlərə qatılıb. O, Azərbaycan uğrunda mübarizəyə könüllü şəkildə qoşularaq silahdaşları ilə birlikdə müxtəlif döyüş tapşırıqlarında iştirak edib.
1994-cü ildə xüsusi döyüş tapşırığının icrası zamanı Yerbol Barımbetovun həyatını itirdiyi qeyd olunur. Onun səkkiz silahdaşı ilə birlikdə şəhid olduğu bildirilir.
Döyüşçünün nəşi daha sonra Bakıya gətirilib və paytaxtdakı Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb. İllər sonra Barımbetovun ailə üzvləri onun məzarının Bakıda olduğunu müəyyənləşdirərək Azərbaycana gəlib və şəhidin məzarını ziyarət ediblər.
Yerbol Barımbetovun adı Azərbaycan-Qazaxıstan münasibətlərində xalqlar arasında həmrəylik və qardaşlığın nümunələrindən biri kimi xatırlanır. Onun Azərbaycan uğrunda döyüşməsi və həyatını itirməsi iki ölkə arasında tarixi dostluq əlaqələrinin simvolik nümunələrindən biri kimi təqdim edilir.
Vüsalə









