Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır - Yücel Karauz
Azərbaycan-Türkiyə münasibətləri gündəlik siyasi hadisələrin, müvəqqəti müzakirələrin və fərqli baxışların çərçivəsinə sığmayacaq qədər köklü, tarixi və strateji xarakter daşıyır. Bu münasibətlər yalnız iki dövlət arasındakı diplomatik əlaqələrdən ibarət deyil. Ortaq tarix, dil, mədəniyyət, tale, mübarizə və gələcək baxışı üzərində qurulmuş qardaşlıq münasibətləridir. Bu birliyin daha da möhkəmlənməsi qarşılıqlı suverenliyə hörmət, milli həssaslıqların anlaşılması, ortaq maraqların qorunması və strateji həmrəylik prinsiplərinə bağlıdır.
Son günlər Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrin Türkiyə mediasının bəzi platformalarına daşınması, məsələnin siyasi və ideoloji müstəvidə qiymətləndirilməsi, eləcə də Azərbaycan Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən yayılan bəyanat diqqətlə yanaşılmalı olan məsələlərdir. Bu müzakirələrə yalnız məktəbli forması və hicab məsələsi kimi baxılması problemin daha geniş strateji mahiyyətini diqqətdən kənarda qoya bilər. Burada dövlətlərin suveren hüquqları, milli təhsil siyasəti, dünyəvilik və din azadlığı arasındakı tarazlıq, uşaq hüquqlarının qorunması, medianın məsuliyyəti və informasiya təhlükəsizliyi kimi mühüm məsələlər ön plana çıxır.
Bu fikirlər Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauzun məqaləsində öz əksini tapıb. ERAmedia AZƏRTAC-da yayımlanan məqaləni təqdim edir:
Qardaşlıq bir-birinin əvəzinə qərar vermək deyil, qarşılıqlı qərarvermə hüququna hörmət göstərməkdir
“Hər bir müstəqil dövlətin öz daxili və xarici siyasətini, konstitusiya quruluşunu, milli təhsil sistemini, ictimai münasibətlərini və təhlükəsizlik prioritetlərini müəyyənləşdirməsi həmin dövlətin və xalqın ayrılmaz suveren hüququdur. Dövlətlər qardaş və strateji müttəfiq ola bilərlər, lakin bu yaxınlıq bir-birinin daxili işlərinə müdaxilə etmək və ya milli həssaslıqları nəzərə almamaq hüququ vermir. Türkiyə öz konstitusiya quruluşu və ictimai ehtiyacları əsasında siyasətini müəyyənləşdirdiyi kimi, Azərbaycanın milli təhsil, dünyəvilik, ictimai nizam və təhlükəsizlik sahələrində həyata keçirdiyi siyasət onun suverenlik səlahiyyətlərinə daxildir. Qardaşlıq bir-birinin əvəzinə qərar vermək deyil, qarşılıqlı qərarvermə hüququna və tarixi təcrübəyə hörmət göstərməkdir. Hər bir ölkənin tarixi təcrübəsi, demoqrafik quruluşu, ictimai dinamikası, din-dövlət münasibətləri və təhlükəsizlik həssaslıqları fərqlidir. Buna görə də bir ölkədə tətbiq olunan təhsil və ya ictimai tənzimləmə modelinin başqa ölkəyə onun özünəməxsus şərtləri nəzərə alınmadan meyar kimi təqdim edilməsi düzgün yanaşma sayıla bilməz. Türkiyə-Azərbaycan münasibətlərinin gücü məhz fərqli milli təcrübələrə hörmət və ortaq maraqların qorunması ilə bağlıdır. Azərbaycan dünyəvi dövlət modelini qəbul etmiş, din və vicdan azadlığını təmin edən müstəqil ölkədir. Ümumtəhsil müəssisələrində məktəbli geyiminin tənzimlənməsi Azərbaycanın qanunvericiliyi, təhsil siyasəti və ictimai ehtiyacları çərçivəsində nəzərdən keçirilməlidir. Dövlətin təhsil sistemində nizam-intizamı qorumaq məsuliyyəti olduğu kimi, fərdlərin fundamental hüquqlarını təmin etmək öhdəliyi də mövcuddur.
Bu məsələdə Türkiyə və Azərbaycan mediasının üzərinə mühüm məsuliyyət düşür. Medianın tənqid etməsi, fərqli fikirləri gündəmə gətirməsi və fundamental hüquqlarla bağlı məsələləri müzakirəyə çıxarması demokratik cəmiyyətin təbii tələbidir. Bununla yanaşı, tənqidlə qərəz, xəbərlə təbliğat, ictimai həssaslıqla siyasi yönləndirmə arasındakı sərhədlər qorunmalıdır. Azərbaycanın daxili qanunvericiliyi, təhsil sistemi, tarixi təcrübəsi və təhlükəsizlik həssaslıqları nəzərə alınmadan aparılan qiymətləndirmələr ictimaiyyətdə natamam və yanlış təsəvvürlər yarada bilər. Eyni məsuliyyət Azərbaycan mediasına da aiddir. Türkiyədə səsləndirilən ayrı-ayrı açıqlamalar, bəzi media qurumlarının yayımları və ya fərdi fikirlər Türkiyə dövlətinin və türk xalqının Azərbaycana münasibəti kimi qiymətləndirilməməlidir. Eyni şəkildə, Azərbaycandakı hər hansı tətbiq və ya müzakirə də iki xalq arasındakı qardaşlığın sorğulanmasına əsas verməməlidir. Bir televiziya proqramında səsləndirilən fikir, köşə yazısı və ya sosial media paylaşımı iki qardaş dövlətin strateji münasibətlərindən üstün tutulmamalıdır. Dövlətlərin nüfuzu, xalqların şərəfi və qardaşlıq hüququ reytinqdən, siyasi polemikadan və sosial media fəallığından qat-qat qiymətlidir.
Cəmiyyətləri qarşı-qarşıya qoymaq istəyən dairələr bəzən insanların dini inanclarından istifadə edirlər
Türkiyə-Azərbaycan münasibətləri yalnız iki ölkə üçün deyil, Cənubi Qafqazın sabitliyi, regional təhlükəsizlik, enerji və nəqliyyat dəhlizləri, eləcə də Türk dünyasının gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.
Buna görə iki ölkənin ictimaiyyətləri arasında yarana biləcək etimadsızlıq mühiti münasibətlərin zəifləməsindən faydalanmaq istəyən üçüncü tərəflər tərəfindən istismar edilə bilər. Müxtəlif qonşu ölkələrdən və regiondan kənar mərkəzlərdən həyata keçirilə biləcək təsir əməliyyatlarının, dezinformasiya fəaliyyətlərinin və ictimai həssaslıqlardan sui-istifadəyə yönəlmiş cəhdlərin yaratdığı strateji risklər nəzərə alınmalıdır.
Fərqli coğrafiyalarda eyni vaxtda gündəmə gətirilən, oxşar ritorika ilə dəstəklənən və iki qardaş xalqı qarşı-qarşıya qoymaq potensialı daşıyan hadisələr diqqətlə təhlil edilməlidir. Bununla belə, mümkün koordinasiya və xarici yönləndirmə iddiaları fərziyyələrlə deyil, konkret məlumat və sübutlarla qiymətləndirilməlidir. Hər bir tənqidi açıqlamanı və ya fərqli mövqeyi kəşfiyyat fəaliyyəti kimi xarakterizə etmək düzgün deyil. Lakin mütəşəkkil dezinformasiya, saxta hesablar, kontekstdən çıxarılmış görüntülər və təsdiqlənməmiş iddialar qarşısında diqqətli olmaq milli təhlükəsizliyin mühüm tələbidir.
Cəmiyyətləri qarşı-qarşıya qoymaq istəyən dairələr bəzən açıq düşmənçilik ritorikasından deyil, insanların dini inanclarından, demokratiya, azadlıq, millətçilik və qardaşlıq kimi həssas dəyərlərdən istifadə edirlər. Bu baxımdan xoşniyyətli insanların saf inancının, milli ruhunun və qardaşlıq duyğularının başqa mərkəzlərin strateji hədəflərinə xidmət edəcək şəkildə yönləndirilməsinə imkan verilməməlidir. Eşidilən hər məlumata inanmaq, görülən hər görüntünü yoxlamadan paylaşmaq və səsləndirilən hər fikri doğru qəbul etmək olmaz. Hadisələr ağıl, sağlam düşüncə, tarixi təcrübə və strateji şüurla qiymətləndirilməlidir.
Qarabağın azadlığı uğrunda nümayiş etdirilən həmrəylik, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən əməkdaşlıq qardaşlığın konkret strateji təməlləridir. Bu nailiyyətlərin böyüklüyü qarşısında gündəlik müzakirələrin iki xalqın düşüncəsində qalıcı mənfi təsirlər yaratmasına imkan verilməməlidir.
İki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, qarşılıqlı suverenliyə hörmət, konstitusiya quruluşuna, daxili siyasətə, milli təhsil sisteminə və ictimai həssaslıqlara ehtiram əsas prinsip kimi qorunmalıdır. Həssas məsələlərdə yanlış anlaşılmaların böyümədən aradan qaldırılması üçün müvafiq qurumlar arasında birbaşa məlumat mübadiləsi və strateji kommunikasiya gücləndirilməlidir. Azərbaycanın dünyəvi təhsil modeli, din və vicdan azadlığına dair konstitusion təminatları və məktəbli forması ilə bağlı qanunvericiliyi hüquqi əsasları ilə birlikdə şəffaf şəkildə ictimaiyyətə çatdırılmalıdır.
Türkiyə ilə Azərbaycan arasında zaman-zaman fərqli qiymətləndirmələrin və fikir ayrılıqlarının ortaya çıxması təbiidir. Əsas məsələ bu fərqliliklərin necə idarə edilməsi və onlardan kimin faydalanmağa çalışmasıdır. Türkiyə və Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna, qurumlarına və liderlərinə hörmət göstərmək yalnız diplomatik nəzakət deyil, həm də qardaşlıq münasibətlərinin qorunması baxımından mühüm məsuliyyətdir.
Türkiyənin Azərbaycana, Azərbaycanın Türkiyəyə münasibətdə qardaşlıq hüququnu qorumaq yalnız dövlət rəhbərlərinin deyil, siyasətçilərin, jurnalistlərin, alimlərin, ictimai rəy liderlərinin və hər iki ölkənin bütün vətəndaşlarının ortaq məsuliyyətidir. Bizim qardaşlığımız mənfi hadisələrdən deyil, müsbət dəyərlərdən güc almalıdır. Bizi ayıran ayrı-ayrı hadisələrdən deyil, bizi birləşdirən tarixi həqiqətlərdən qidalanmalıdır. Türkiyənin güclü olması Azərbaycanın, Azərbaycanın güclü olması Türkiyənin, hər ikisinin güclü olması isə bütün Türk dünyasının strateji qazancıdır. Bu gün bir-birimizin çatışmazlıqlarını böyütmək deyil, gücünə güc qatmaq, bir-birimizi zəiflətmək deyil, qorumaq, həssaslıqlarımızı istismar etmək deyil, onlara hörmət göstərmək zamanıdır. Bizim böyük mənzərəmiz qarşıdurma deyil, həmrəylik, rəqabət deyil, bir-birini tamamlamaq, ayrılıq deyil, birlikdir. Azərbaycan-Türkiyə-Türk dünyası münasibətləri qardaşlıq münasibətləridir – əbədidir, sarsılmazdır, dönməzdir”.









