media-aze_tur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı Azərbaycanı təbrik etməsi və xarici işlər naziri Hakan Fidanın Bakıya səfəri diqqət çəkib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bu addımların təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Ankara Azərbaycanla strateji müttəfiqliyin daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparmaq üçün uyğun tarix seçib.

“Dost və qardaş Azərbaycanımızın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümü münasibətilə təbriklərimi çatdırıram. Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə yad edirəm”, – deyə Ərdoğan paylaşımında qeyd edib.

Elxan Şahinoğlu diqqətə çatdırıb ki, Ərdoğanın bu paylaşımı ilə eyni gündə Hakan Fidan Bakıda müzakirələr aparıb. Həmçinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin təşkilatçılığı ilə Bakıda “Türk Dünyası Dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı tədbir keçirilib.

“Bunlar təsadüf deyil. Ankara strateji müttəfiqliyin dərinləşdirilməsini müzakirə etmək üçün uyğun tarix seçib. Bu gün Bakıda Türkiyə günüdür”, – deyə siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısının oktyabrın 30-da Ankarada keçirilməsi də bu prosesin mühüm elementlərindən biridir.

“Elə ehtimal etmək olar ki, Türkiyə təşkilatı gücləndirəcək təkliflər hazırlayır. Yeni təkliflərin müəllifi olan Hakan Fidanın Azərbaycana səfərini və eyni gündə Bakıda “Türk Dünyası Dialoqları” tədbirinin keçirilməsini məhz bu amillə izah etmək olar”, – deyə Elxan Şahinoğlu qeyd edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər