media-2025-12-27-11-34-54higrpiqshrvjlwozda6r_file

Türkiyədə nəşr olunan erməni mənşəli “Agos” qəzeti Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun açıqlamasını “Açılma tarihini Azerbaycan açıkladı” başlığı ilə təqdim edib və bu, müəyyən dairələrdə müzakirələrə səbəb olub.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, məsələ Türkiyə-Ermənistan sərhədinin açılması perspektivi ilə bağlıdır və səfirin fikirləri kontekstdən çıxarılaraq təqdim olunub. Onun sözlərinə görə, Rəşad Məmmədov “Cümhuriyyət” qəzetinə müsahibəsində Ermənistan parlament seçkilərindən və Konstitusiya dəyişikliyindən sonra iki ölkə arasında sərhədin açıla biləcəyini qeyd edib.

Elxan Şahinoğlu vurğulayıb ki, bəzi qüvvələrin bunu Azərbaycanın Türkiyənin daxili işlərinə müdaxiləsi kimi təqdim etməsi doğru yanaşma deyil:

“Azərbaycan və Türkiyə Ermənistan siyasətini koordinasiyalı şəkildə həyata keçirirlər. Türkiyə rəsmiləri dəfələrlə bunu bəyan ediblər. Bakı və Ankara Ermənistanla normallaşma prosesində addımlarını sinxron şəkildə atırlar”.

Siyasi şərhçinin fikrincə, Türkiyədə hakimiyyətə müxalif olan müəyyən dairələr sərhədlərin açılması məsələsi ətrafında süni gərginlik yaratmağa çalışırlar. O hesab edir ki, Ermənistanda keçiriləcək parlament seçkiləri regionun gələcək siyasi mənzərəsi baxımından həlledici olacaq.

“Elə bir vəziyyət yaranıb ki, həm Türkiyə, həm də Azərbaycan Nikol Paşinyanın seçkilərdə qələbə qazanmasını istəyir. Çünki Paşinyan qalib gələrsə, referendum yolu ilə Konstitusiya dəyişikliyi mümkün olacaq. Bundan sonra sülh sazişi imzalana, sərhədlər açıla və ‘Tramp yolu’ layihəsinin icrasına başlanıla bilər”, – deyə o bildirib.

Elxan Şahinoğlu əlavə edib ki, əks halda Ermənistanda radikal qüvvələrin hakimiyyətə gəlməsi region üçün yeni risklər yaradacaq:

“Paşinyan məğlub olarsa, radikallar yenidən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını gündəmə gətirəcəklər. Bu halda Türkiyənin Ermənistanla sərhədi açması da real görünməyəcək”.

Şərhçi hesab edir ki, hazırkı həssas mərhələdə Türkiyə-Azərbaycan münasibətlərində yeni “bayraq böhranı” yaratmağa çalışan qüvvələr əslində Rusiya və Ermənistandakı radikal dairələrin maraqlarına xidmət etmiş olurlar.

Onun fikrincə, Bakı ilə Ankara arasında məsləhətləşmələrin daha da intensivləşdirilməsinə ehtiyac var.

Vüsalə


media-adspc

Bənzər xəbərlər