Türkiyə yeni hərbi sistemi istifadəyə verdi: Mikrodalğalarla PUA-ları sıradan çıxarır
Türkiyənin Milli Müdafiə Nazirliyi yeni nəsil hərbi texnologiyanın istifadəyə verildiyini açıqlayıb.
ERAmedia-nın məlumatına görə, nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk bildirib ki, ASELSAN tərəfindən hazırlanmış “EJDERHA” sistemi ilk dəfə olaraq Quru Qoşunlarının arsenalına daxil edilib.
Məlumata görə, Quru Qoşunları Komandanlığı üçün müxtəlif sayda “EJDERHA” sistemlərinin yoxlama və qəbul prosesləri tamamlanıb və onların təhvil verilməsi həyata keçirilib. Bu barədə 9 aprel 2026-cı il tarixində keçirilən həftəlik brifinqdə məlumat verilib.
“Quru Qoşunları Komandanlığımız tərəfindən ilk dəfə olaraq elektron dövrəli əl istehsalı partlayıcı qurğuların aşkar edilməsi və zərərsizləşdirilməsi sistemi üzrə qəbul prosesləri tamamlanaraq inventara daxil edilib”, – Zeki Aktürk bildirib.
Eyni zamanda, ASELSAN-ın baş direktoru Ahmet Akyol da sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, “EJDERHA” sistemi hərbçilərin təhlükəsizliyini artırmaq məqsədilə aktiv istifadəyə verilib.
Akyol daha əvvəl sistemin xüsusiyyətləri ilə bağlı verdiyi açıqlamada “EJDERHA”nın xüsusilə sürü halında hücum edən və FPV tipli pilotsuz uçuş aparatlarına qarşı effektiv olduğunu vurğulayıb. Onun sözlərinə görə, sistem yalnız radioelektron qarışdırma ilə kifayətlənmir, eyni zamanda dronların daxilindəki elektron sistemləri birbaşa sıradan çıxarma qabiliyyətinə malikdir.
O bildirib ki, bu texnologiya Türkiyənin onilliklər boyu topladığı elektron müharibə təcrübəsinə əsaslanır və həm yarımkeçirici (GaN), həm də vakuum elektronika sahəsində əldə edilən biliklər bu sistemdə tətbiq olunub.
Hazırda “EJDERHA” sistemi aşağı həcmli seriyalı istehsal mərhələsindədir və yaxın gələcəkdə daha geniş istehsala keçilməsi planlaşdırılır. Akyolun sözlərinə görə, bu sistem gələcək döyüş meydanlarında “oyun dəyişdirici” texnologiyalardan biri olacaq.
Vural










