Türkiyədə F-16 qəzaya uğradı – Bir pilot həlak oldu
Türkiyənin Balıkəsir vilayətinin valisi İsmayıl Ustaoğlu ölkənin 9-cu əsas aviabazasına məxsus F-16 qırıcısının qəzaya uğraması nəticəsində bir pilotun həlak olduğunu açıqlayıb.
ERAmedia xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Vali bildirib ki, təyyarə xidməti tapşırıq yerinə yetirərkən qəzaya düşüb.
Ustaoğlu baş verən qəza zonasına gələrək baxış keçirib və məsul şəxslərdən məlumat alıb.
“Anadolu” agentliyinin müxbirinə danışan vali qeyd edib ki, Balıkəsirdə yerləşən 9-cu əsas aviabazaya məxsus F-16 havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
“Hadisə Karəsi rayonunun Naipli ərazisində, İzmir–İstanbul avtomagistralında baş verib. F-16 təyyarəmiz havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Pilotlarımızdan biri həlak olub”, — deyə Ustaoğlu bildirib və başsağlığı verib.
Bu arada, qəzanın baş verdiyi magistral yolun Naipli hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Daha əvvəl təyyarənin təxminən saat 00:50 radələrində xidməti uçuş zamanı qəzaya uğradığı bildirilmişdi.
Vüsalə










