media-o3rfg2fe0mf7

ABŞ və İranın gərginliyi artıran açıqlamalarından sonra Türkiyə birbaşa prosesə müdaxilə edib. Tərəflər arasında asanlaşdırıcı rolu üzərinə götürən Ankara “problemin masa arxasında həlli ən məntiqli yanaşmadır” mesajını verir.

ERAmedia xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Fars körfəzində yerləşən “USS Abraham Lincoln” aviadaşıyıcısı və onu müşayiət edən donanmanın İrana doğru hərəkət etdiyini açıqlaması bölgədə gərginliyi yenidən yüksəldib. Ankara isə Vaşinqton və Tehran arasında artan gərginliyi azaltmaq üçün diplomatik səylərini artırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Dünən ABŞ-ın Ankaradakı səfiri Tom Barrak ilə görüşən xarici işlər naziri Hakan Fidan, bu gün isə İranın xarici işlər naziri Abbas Ərakçi ilə görüşəcək.

“TürkMedia”nın Ankara təmsilçisi Melik Yiğitelin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyə hər iki tərəfin problemi masa arxasında həll etməsi üçün fəal şəkildə çalışır. Ankarada hesab edirlər ki, sağlam düşüncəli yanaşma olmadığı üçün “12 günlük müharibələr” yaşanıb. Bu səbəbdən Türkiyə tərəflərə təmkin çağırışı edərək, asanlaşdırıcı rol oynayır.

Diplomatik mənbələr bildirir ki, “nə ABŞ-ın, nə də İranın əsas seçimi müharibə deyil. Türkiyənin müşahidələrinə görə, hər iki tərəf də bundan yayınmağa çalışır”. Xarici işlər naziri Hakan Fidan ABŞ-li rəsmilərə “İranla bağlı dosyeləri bir-bir bağlayın” çağırışı edərkən, Ankaranın Tehrana da “12 günlük müharibələrdə yaşananlar ortadadır. Buna görə təhdidləri kiçik görməyin. Masa arxasında həll ən rasional yanaşmadır” mesajını verdiyi qeyd olunur.

Diplomatik mənbələrdən biri isə “Diplomatiya hər zaman işlək mexanizmdir. Hətta müdaxilə olsa belə, diplomatiya yenə işləyir və tərəflər masa arxasına qayıdır” deyib.

Diplomatik mənbələr bildirir ki, bu gün baş tutacaq Hakan Fidan–Abbas Əraqkçi görüşündə Türkiyə aşağıdakı 4 kritik mesajı çatdıracaq:

“İranda baş verən son prosesləri yaxından izləyirik. İranın təhlükəsizliyi, sabitliyi və əmin-amanlığı Türkiyə üçün böyük əhəmiyyət daşıyır.

Türkiyə, İrana qarşı hərbi müdaxilələrə qarşıdır. Belə bir addım regional və qlobal miqyasda ciddi risklər yaradar.

Mövcud gərginliyin dialoq yolu ilə həlli üçün Türkiyə töhfə verməyə hazırdır.

Türkiyə, İranın nüvə proqramı ilə bağlı qısa müddətdə sülh yolu ilə həllin əldə olunmasını dəstəkləyir”.

Qeyd edək ki, Türkiyə regionda balans qoruyan bir aktor kimi həm Vaşinqton, həm də Tehran ilə eyni zamanda əlaqələrini gücləndirir. Ankara gərginliyin silahlı qarşıdurmaya çevrilməsinin qarşısını almaq üçün diplomatik kanallardan fəal istifadə edir.

Türkiyənin vasitəçilik rolu region ölkələrinin narahatlıqlarını azaltmaq üçün strateji əhəmiyyət daşıyır. İranla ABŞ arasında hər hansı anlaşmazlıq Ankaranın regional nüfuzunu test edir. Türkiyə həm təhlükəsizlik, həm də iqtisadi maraqlarını qorumaq üçün münaqişənin sülh yolu ilə həllinə töhfə verir. Ankara hər iki tərəfi qarşılıqlı etimad yaratmağa təşviq etməklə geosiyasi riskləri azaltmağa çalışır.

Türkiyə İranın daxili sabitliyinin region üçün önəmli olduğunu diplomatik müstəvidə vurğulayır. Ankaranın fəallığı, regional problemlərin xarici müdaxilə olmadan həllinə inam yaratmaq məqsədi güdür.

Türkiyə nüvə məsələlərində regional tərəfdaşlarla koordinasiyanı gücləndirərək diplomatik həll yollarını araşdırır. Ankaranın siyasəti uzunmüddətli perspektivdə Yaxın Şərqdə təhlükəsizlik və sülhün təmin edilməsinə yönəlib.

ERAmedia Analitik Qrupu


media-adspc

Bənzər xəbərlər