media-photo_5361792427817113832_w

İranda davam edən müharibə və Hörmüz boğazında mümkün blokada ehtimalı Asiya ilə Avropa arasında ticarət marşrutlarını yenidən formalaşdırır. Bu fonda bölgədə iki böyük layihə ön plana çıxıb. İsrailin təşəbbüsü olan IMEC layihəsi ilə Türkiyənin “İnkişaf Yolu” təşəbbüsü arasındakı rəqabət artıq hərbi çərçivəni aşaraq iqtisadi və geosiyasi mübarizəyə çevrilib.

ERAmedia xəbər verir ki, İsrail mediasında yayımlanan təhlillərə görə, Ankaranın son dövrlərdə atdığı diplomatik və iqtisadi addımlar Təl-Əviv rəhbərliyində “oyundan kənarda qalmaq” narahatlığı yaradıb.

“Maariv” qəzetinin məlumatına görə, Türkiyə və Suriya İsrailin Avropaya çıxış qapısı rolunu zəiflətmək üçün ortaq strategiya yürüdür. İsrailin sabiq yüksək rütbəli hərbi nümayəndələrindən ehtiyatda olan polkovnik-leytenant Amit Yagur bildirib ki, Türkiyənin liderlik etdiyi blok İsraili regional tənlikdən çıxarmağa çalışır və bu addımların arxasında ciddi geosiyasi hesablamalar dayanır.

Asiya ilə Avropa arasında qurulacaq yeni quru ticarət dəhlizləri Süveyş kanalı və Bəb əl-Məndəb boğazı kimi dəniz yollarından asılılığı azaltmaq potensialına malikdir. Mütəxəssislərin fikrincə, bu marşrutlar daşınma müddətini üçdə birə qədər azalda bilər. İrandakı münaqişə və Hörmüz boğazındakı qeyri-müəyyənlik isə bu layihələri nəzəri müzakirədən çıxararaq təcili ehtiyaca çevirib.

İsrailin iştirak etdiyi IMEC layihəsi 2023-cü ilin sentyabrında Hindistanda keçirilən G20 sammitində təqdim olunub. ABŞ, Hindistan və Səudiyyə Ərəbistanının dəstəklədiyi layihəyə əsasən, Hindistandan çıxan yüklər BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniya üzərindən İsrailin Hayfa limanına, oradan isə Avropaya çatdırılacaq. Təxminən 2 min kilometrlik quru marşrutu Süveyş kanalı ilə müqayisədə məsafəni 4 min kilometr qısaldır. 2026-cı ilin fevralında Hindistanın baş naziri Narendra Modinin ABŞ səfərindən sonra layihə yenidən sürət qazanıb. ABŞ Prezidenti Donald Trampın da bu marşrutu “tarixin ən böyük ticarət yollarından biri” adlandırdığı bildirilir.

Türkiyə isə IMEC-ə alternativ olaraq “İnkişaf Yolu” layihəsini həyata keçirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə irəli sürülən layihə İraqın cənubundakı Əl-Fav limanını Türkiyə üzərindən Avropaya bağlamağı hədəfləyir. Təxminən 1200 kilometrlik dəhlizi əhatə edən layihə üzrə Türkiyə, İraq, Qətər və BƏƏ arasında razılaşma əldə olunub.

Nəqliyyat naziri Abdulkadir Uraloğlu layihə üçün təxminən 20 milyard dollar investisiya nəzərdə tutulduğunu açıqlayıb. Türkiyənin dəmir yolu şəbəkəsinə inteqrasiya olunacaq sistem vasitəsilə Basra körfəzindən Avropaya yüksək sürətli qatarlarla fasiləsiz daşımalar planlaşdırılır.

2024-cü ilin dekabrında Suriyada baş verən siyasi dəyişiklik Türkiyə ilə Körfəz ölkələri arasında quru nəqliyyatının yenidən bərpasına şərait yaradıb. Türkiyənin Suriya və İordaniya üzərindən Körfəzə uzanan yeni ticarət marşrutu planı bölgədə iqtisadi balansları yenidən formalaşdırır. Suriya rəhbərliyi də mümkün Hörmüz və ya Qırmızı dəniz böhranı halında ölkənin alternativ logistika mərkəzinə çevrilə biləcəyini bildirib.

Mütəxəssislər qeyd edir ki, Hörmüz boğazından gündəlik təxminən 21 milyon barel neft keçir və qlobal mayeləşdirilmiş qaz ticarətinin mühüm hissəsi bu marşrutdan asılıdır. Bu xəttdə baş verə biləcək hər hansı böhran qlobal ticarətə ciddi təsir göstərə bilər.

İsrailli ekspertlər isə xəbərdarlıq edir ki, Türkiyənin öncülük etdiyi yeni ticarət dəhlizi reallaşarsa, İsrailin regiondakı iqtisadi rolu zəifləyə və ölkə milyardlarla dollar itki ilə üzləşə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər