Türkiyənin Egey sahilləri fərqli istirahət təcrübəsi təqdim edir
Səyahət vərdişləri dəyişir və çeviklik getdikcə daha çox insanın seçimində əsas amilə çevrilir. Dünyanın aparıcı səyahət platformalarından biri olan Expedia Group-un məlumatına görə, turistlər artıq səyahətlərini əvvəlcədən deyil, daha qısa müddət ərzində planlaşdırmağa üstünlük verirlər.
Dəyişkən hava şəraiti, qlobal hadisələr və gündəlik həyatın dinamik tempi bu tendensiyanı gücləndirən əsas səbəblər sırasındadır. Şirkətin statistikasına əsasən, bu ilin ilk rübündə səfərə 7–13 gün qalmış edilən axtarışların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Son anda qərar verən səyahətçilər üçün xüsusi kampaniyalar, sərfəli təkliflər və əlverişli iqlimi ilə Türkiyə Aralıq dənizinin ən cəlbedici istiqamətlərindən biri kimi ön plana çıxır.
Spontan səyahətə üstünlük verənlər üçün Türkiyə rahat planlaşdırma imkanlarını zəngin təcrübələrlə bir araya gətirir. Egey sahillərindən Türk Rivierasına qədər uzanan geniş coğrafiyası, uzun yay mövsümü, müxtəlif yerləşmə seçimləri və mövsümi endirimlər son anda təşkil olunan səfərləri daha əlçatan edir. Firuzəyi dənizi, qızılı çimərlikləri və gizli koyları ilə yanaşı, ölkə qonaqlarına yüksək səviyyəli qonaqpərvərlik, zəngin türk mətbəxi, ölkənin şərabçılıq ənənələrinə yeni nəfəs verən butik şərabçılıq təsərrüfatları, fərqli Gecə Muzeyləri təcrübəsi və dalğıclıqdan paraplana qədər uzanan saysız-hesabsız açıq hava fəaliyyətləri təqdim edir. Bütün bunlar hətta son anda planlaşdırılmış qısa istirahəti belə yaddaqalan Aralıq dənizi tətilinə çevirir.

Antalya – Mavi Bayraqlı çimərliklərin dünya lideri
Spontan istirahət üçün ilk ağla gələn istiqamətlərdən birinin Türk Rivierası olması təsadüfi deyil. İlin 300-dən çox gününün günəşli keçdiyi və uzun yay mövsümü ilə seçilən bu bölgənin mərkəzində Türkiyənin aparıcı kurort şəhəri Antalya yerləşir. Dünya səviyyəli qonaqpərvərliyi və sərfəli istirahət imkanları ilə tanınan Antalya, Aralıq dənizinin ən populyar turizm mərkəzlərindən biridir. Belekdən Kemerə, Sidedən digər məşhur kurortlara qədər uzanan lüks istirahət kompleksləri təmiz çimərlikləri, müasir sağlamlıq və SPA mərkəzləri, zəngin qastronomiyası və beynəlxalq standartlara cavab verən idman infrastrukturu ilə hətta son anda planlaşdırılan səfərləri belə xüsusi tətilə çevirir.
Antalya möhtəşəm sahil zolağı ilə də dünya miqyasında tanınır. Şəhər 232 Mavi Bayraqlı çimərliyi ilə dünyada bu göstərici üzrə ilk yerdə qərarlaşıb. Burada uzun qumlu sahillərdən sakit koylara, büllur kimi şəffaf sulardan nəfəskəsən dəniz mənzərələrinə qədər hər zövqə uyğun məkan tapmaq mümkündür. Antalyanın beynəlxalq nüfuzu durmadan artır. Belə ki, şəhərin Belek, Gündoğdu və Kadriye çimərlikləri TUI-nin elmi meyarlara əsaslanan dünyanın ən gözəl çimərlikləri reytinqində yer alıb. Türkiyə isə ilk onluqda dörd çimərliklə təmsil olunaraq bütün istiqamətləri geridə qoyub. Belekin mükafatlı sahillərində dincəlmək, Kaputaşın firuzəyi sularını kəşf etmək, Caretta caretta dəniz tısbağalarının yuvaladığı Patara çimərliyində gəzintiyə çıxmaq və ya Kekovanın qədim sualtı qalıqları üzərində üzmək ziyarətçilərə Aralıq dənizinin ən möhtəşəm sahil mənzərələrini yaxından yaşamaq imkanı yaradır.

Egey həyat tərzinin mərkəzinə səyahət
Füsunkar sahil qəsəbələri, tarixi kəndlər, qədim şəhərlər və canlı kurortları ilə Türkiyənin qərb sahilləri spontan istirahət üçün ideal olmaqla yanaşı, Egey həyat tərzini yaxından hiss etmək istəyənlər üçün də unikal bir istiqamətdir. Butik hotellər, lüks kurortlar, zeytun yağı, mövsümi göyərtilər, təzə dəniz məhsulları və seçkin türk şərabları ilə zəngin kulinariya mədəniyyəti bu bölgədə mədəniyyət, təbiət və qastronomiyanı ahəngdar şəkildə birləşdirir.
Kristofer Nolanın “The Odyssey” filmi Homerin əfsanəvi dastanını yenidən böyük ekrana gətirdiyi bir vaxtda, Şimali Egey səyahətsevərlərə bu məşhur əsərin izlərini daşıyan torpaqları kəşf etmək imkanı yaradır. Qədim Troya şəhərinə ev sahibliyi edən Çanaqqala mifologiya, arxeologiya və möhtəşəm sahil mənzərələrinin qovuşduğu məkan kimi diqqət çəkir. Buradan yol Assosun əsrlərə meydan oxuyan sahillərinə və Bozcaadanın sakit atmosferinə uzanır. Daha cənubda yerləşən Ayvalık və Cunda isə daş küçələri, dənizkənarı ab-havası və sakit həyat ritmi ilə Egey bölgəsinin özünəməxsus ruhunu yaşadır.
Səyahət Egey bölgəsinin canlı mərkəzi olan İzmirdə davam edir. Çeşmə, Alaçatı və Urla zərif sahil həyatı, butik şərab marşrutları və MICHELIN tərəfindən tövsiyə olunan restoranları ilə seçilir. Daha cənubda yerləşən Bodrum, Datça, Marmaris və Fethiye isə büllur kimi təmiz suları, əfsanəvi Mavi Səyahət marşrutları, dünya səviyyəli kurortları və zəngin qastronomiyası ilə həm dincəlmək, həm də yeni məkanlar kəşf etmək istəyənlər üçün Türkiyənin qərb sahillərini ideal seçimə çevirir.
Yay tətilinizi hələ planlaşdırmamısınızsa və ya son anda səyahət etmək istəyirsinizsə, Türkiyəni kəşf etmək üçün ən uyğun vaxtdır. Egey və Aralıq dənizi sahillərində payızın sonlarınadək davam edən yay mövsümü, sərfəli son dəqiqə təklifləri, bol günəşli günlər, yüksək səviyyəli qonaqpərvərlik və unudulmaz təcrübələr sayəsində qonaqlara mövsüm boyu rahat və yaddaqalan istirahət vəd edir.

Vüsalə










