media-1001356269-1
media-bant_master

AMEA Folklor İnstitutu və Bakı Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə Nevşehir Hacı Bektaş Vəli Universitetinin professoru Bayram Durbilməzin “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda Elmi seminarı keçirilib.

ERAmedia xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirdə AMEA Folklor İnstitutunun Elmi şurasının üzvləri, Bakı Yunus Emre İnstitutunun təmsilçisi Gökhan Seyhan, Xəzər Universitetinin Dillər və Ədəbiyyatlar departamentinin rəhbəri, dosent Dilbər Zeynalova, Folklor İnstitutunun, həmçinin ölkənin müxtəlif universitetlərinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru
Hikmət Quliyev əvvəlcə qonaqları salamlayaraq Bakı Yunus Emre İnstitutunun təmsilçisi
Gökhan Seyhan bəyin elmi seminarda iştirakını xüsusi vurğulayıb. Qeyd edib ki, ortaq elmi
təşəbbüslərin uğurla həyata keçirilməsi üçün Bakı Yunus Emre İnstitutu ilə əlaqələrin
genişlənirilməsinə ehtiyac vardır.
Elmi seminarın əhəmiyyətinə nəzər yetirən Hikmət Quliyev türkoloji folklorşünaslığın
elmi-nəzəri və praktiki aspektlərinin sistemli şəkildə müzakirəsinin bu istiqamətin konseptual
əsaslarının müəyyənləşdirilməsi baxımından vacib olduğunu qeyd edib. Onun sözlərinə görə,
türkoloji folklorşünaslıq dedikdə türk xalqlarının folklor irsinin toplanması və ya təsviri nəzərdə
tutulmur. Bu yanaşma türk dünyasının vahid elmi pəncərədən dərkini, folklorun həm mətn, həm
də kontekst səviyyəsində təhlilini, eləcə də folklorşünaslıq elminin ümumi nəzəri və metodoloji
aspektlərinin sistemləşdirilməsini özündə ehtiva edir.
Hikmət Quliyev vurğulayıb ki, müxtəlif türk xalqlarının folklorşünaslıq ənənələri, xüsusi
ilə də sovet dönəmində filoloji nüvəli mətn mərkəzli tədqiqat istiqamətləri üzrə inkişaf
etdiyindən sahənin özünün elmi-nəzəri yanaşmalarında dünya folklorşünaslıq məktəbləri ilə
fərqlər ortaya çıxmışdır. Beynəlxalq təcrübədə folklorun təkcə sözlü mətni deyil, əslində,
“kollektivlik, ənənəvilik və variantlıq” şəklində ortaya çıxan biliyi ehtiva etdiyini qeyd edən alim
məsələyə sosial-antropoloji folklorşünaslıq yanaşmaları kontekstində baxılmasının zəruruliyini
vurğulayıb.
Direktor qeyd edib ki, türk xalqlarının folklor örnəklərinin semantik aspektləri, ritual-
mədəni kodları, performativ və funksional tərəflərinin təhlilində mövcud problemlərin
bütövlükdə türkoloji folklorşünaslıq kontekstində dəyərləndirilməsi vacibdir. Alimin fikrincə, bu
sahədə müasir elmi-nəzəri yanaşmaların tətbiqi, metodoloji modellərin yenilənməsi və
terminoloji uyğunluğa nail olunması türk dünyasının folklor irsinin daha geniş inteqrativ təhlilinə
şərait yaradacaqdır.
Daha sonra Bakı Yunus Emre İnstitutunun təmsilçisi Gökhan Seyhan Folklor İnstitutunun
əməkdaşlarını salamlayıb, türkologiya və folklor sahəsindəki qarşılıqlı əməkdaşlığın
genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Bakı Yunus Emre İnstitutunun türk dünyasının
mədəni irsininin tanıdılması və qorunmasına sahəsində yeni təşəbbüslərə açıq olduğunu,
qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcəkdə ortaq layihələrin həyata
keçirilməsinin faydalı olacağını bildirib.
Seminarın əsas məruzəsini professor Bayram Durbilməz təqdim edib. Alim türkoloji
folklorşünaslığın əsas nəzəri çərçivələrini və müasir dövrdəki inkişafını şərh edərək, folklorun
yalnız bir xalqın mədəni irsi olaraq qalmadığını, əksinə, müxtəlif mədəniyyətlər arasında ortaq
bir dil və təcrübə yaradan qlobal bir fenomenə çevrildiyini vurğulayıb. O, xüsusilə türk dünyası
ilə bağlı folklor əlaqələrinin zənginliyini və bu əlaqələrin türkoloji folklorşünaslıq sahəsindəki

tədqiqatlarla necə formalaşdığını ətraflı şəkildə izah edib. Professor, folklorun universal
aspektlərini diqqətə çatdıraraq, bu sahənin mədəniyyətlərarası əlaqələrdəki rolunun böyük
əhəmiyyət daşıdığını qeyd edib.
Təqdimatında türkoloji folklorşünaslığın həm elmi, həm də praktiki tərəflərinin bir-biri ilə
sıx bağlı şəkildə inkişaf etməsinin vacibliyini vurğulayan Durbilməz, folkloru sadəcə sözlü
ədəbiyyat və ya mədəni mirası kimi deyil, həm də xalqın ümumi həyat tərzinin, sosial
strukturunun və tarixi yaddaşının bir hissəsi olaraq dəyərləndirib. O, folklorun qlobal miqyasda,
xüsusilə də türk dünyasında mədəniyyətlərarası əlaqələrin qurulması və daha da
dərinləşdirilməsində əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Ümumi planda folkloru “kültür” – mədəniyyət kimi xarakterizə edən professor Bayram
Durbilməz, türkoloji folklorşünaslıq çərçivəsində xalq yaradıcılığına yerli, milli, regional və
qlobal mədəniyyətlərin qarşılıqlı əlaqəsi aspektlərindən yanaşaraq folklorun təhlilinin dörd
mərhələli bir prosesdən keçdiyini vurğulayıb. Alim ilk mərhələdə yerli mədəniyyətin, daha sonra
ölkə və bölgə mədəniyyətlərinin folklora təsir etdiyini və nəhayət, bütün dünya mədəniyyətinə
inteqrasiya edərək qlobal folklor fenomeninə çevrildiyini ifadə edib. O, bu yanaşma ilə folklorun
həm yerli, həm də universal elementləri birləşdirən çoxqatlı bir struktur təşkil etdiyini
vurğulayıb.
Məruzəsində həmçinin, folklorşünaslığın müasir dövrün elmi-texnoloji innovasiyalarına
adaptasiya olunma zərurəti və reallığına toxunan professor Durbilməz, rəqəmsallaşma və
texnoloji yeniliklərin folklorşünaslığa verdiyi yeni istiqamətləri diqqətə çatdırıb. O, folklorun
rəqəmsal mühitdəki yeri və rəqəmsal folklorun inkişafı ilə bağlı mülahizələrini təqdim edərək,
xüsusilə süni intellektin folklor təhlilindəki roluna nəzər salıb. Durbilməz, süni intellektin folklor
məhsullarını anonim mədəniyyətlərdən çıxararaq, müasir dövrə uyğun yeni bir çərçivədə təqdim
etmə qabiliyyətini vurğulayıb.
Professor Bayram Durbilməz folklorun tədqiqində yeni yanaşmaların vacibliyini və
ənənəvi metodların yanında yeni təhlil üsullarının tətbiqinin zəruriliyini bildirıb. O, folklorun
yalnız mətnə əsaslanaraq deyil, həm də ənənəvi və sosial kontekstlə bərabər, mədəniyyətin
dinamik təbəqələrini ortaya qoyan geniş bir araşdırma şəklində təhlil edilməli olduğunu qeyd
edib. Bu yeni yanaşmaların folklorun daha dərindən anlaşılmasına və onun əsl mahiyyətini üzə
çıxarmasına kömək edəcəyini diqqətə çatdırıb. Məruzəsinin sonunda türkoloji folklorşünaslıq
konseptinin hazırki çağda, özəlliklə də türk dövlətləri arasında sıx əlaqələrin qurulduğu bir
zamanda böyük əhəmiyyət kəsb etdiyini qeyd edən professor Durbilməz bu sahədə kompleks
yanaşmaların, çoxsaylı müzakirə və araşdırmaların aparılmasının zəruri olduğunu deyib.
Daha sonra elmi seminarda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Folklor
İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat çıxış edərək
folklorşünaslıq və türkoloji araşdırmalarla bağlı bir sıra məsələləri diqqətə çatıdırıb. Alim
türkologiyanın inkişafında müxtəlif dövrlərdə, xüsusilə sovet dövründə fərqli metodoloji
yanaşmaların olduğunu, hazırki çağda isə nisbətən yeni baxışların meydana çıxdığını vurğulayıb.
Professor Bayat folklor nümunələrinin yalnız yazılı mətnlərdən ibarət olmadığını, əslində,
söyləyicinin bir mətni söylədiyi anda canlı olduğunu, yazıya alındıqdan sonra isə “ölü” mətnə
çevrildiyini qeyd edib. Alim vurğulayıb ki, “bu o demək deyil ki, həmin mətnlər lazımsızdır.
Onlar tekstdir. Məsələn, belə bir bənzətmə apara bilərik, ağac konteksdir, meyvəsi isə tekstdir”.
O, türk dünyası folklorşünaslığının formalaşdırılmasında terminologiya məsələlərinin daha
sistemli şəkildə araşdırılması zərurətini vurğulayıb. Həmçinin, coğrafi və mədəni təsirlərin
folklorda böyük rol oynadığını qeyd edərək, Azərbaycan və digər türk xalqlarının mədəniyyətlərindəki fərqlilikləri misal gətirib. Bayat, folklorşünaslıqda daha geniş və müqayisəli tədqiqatların aparılmasının vacib olduğunu bildirib.
Daha sonra Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil bu tipli
mövzuların müzakirəyə təqdim olunmasının əhəmiyyətinə toxunaraq gələcək görüşlərdə təkcə
ölkə çərçivəsində deyil, türk dünyası miqyasında folklorşünasların iştirakının vacibliyini bildirib.
Alim belə müzakirə platformalarında mövcud texniki imkanlardan istifadə etməklə Azərbaycanla
yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstandan və Qırğızısandan olan tədqiqatçıların
iştirakının vacib olduğunu və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruruliyini
qeyd edib.
Elmi seminarda çıxış edən filologiya elmləri doktoru Səfa Qarayev ortaq türkoloji
folklorşünaslıq konsepsiyasının formalaşdırılmasının aktuallığını vurğulayaraq bildirib ki,
Azərbaycan, Türkiyə, Qazaxıstan və digər türk dövlətlərində formalaşmış folklorşünaslıq
ənənələrinin mövcudluğuna baxmayaraq, türklük anlayışına elmi-metodoloji baxımdan aydınlıq
gətirən, romantik yanaşmalardan kənar “logiya” konseptinin işlənməsi xüsusi əhəmiyyət kəsb
edir. Alimin sözlərinə görə, ortaq akademik tədqiqat sisteminin qurulması üçün ilk növbədə türk
xalqları üçün hansı folklorşünaslıq modelinin – ənənəvi yanaşmanın, yoxsa sosial-antropoloji
istiqamətin daha məqsədəuyğun olduğunun müəyyənləşdirilməsi zəruridir.
Səfa Qarayev sosial-antropoloji folklorşünaslıq çərçivəsinin üstünlüklərini önə çəkərək
qeyd edib ki, ortaq türk folklorşünaslıq konsepsiyası yalnız oxşar cəhətlərin deyil, həm də
fərqliliklərin elmi təhlili əsasında formalaşdırılmalıdır. Alim, həmçinin müxtəlif türk
toplumlarında yaranmış folklor örnəklərinin müqayisəli şəkildə araşdırılmasının, elmi fikir
mübadiləsinin genişləndirilməsinin və dünya folklorşünaslığının metodoloji standartlarına uyğun
ümumtürk elmi platformasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Elmi seminarda həmçinin Folklor İnstitutunun alimləri – filologiya elmləri doktoru,
professor Almaz Hüseynova, filologiya üzrə fəlsəfə doktorları Elnarə Əmirli, İlhamə
Qəsəbova və Qumru Şəhriyar çıxış edərək bu tipli müzakirələrin təşkilinin təqdirəlayiq
olduğunu, folklorşünaslıq sahəsində əlaqələrin zənginləşdirilməsi və elmi əməkdaşlığın
gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Sonda Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib
ki, türkoloji folklorşünaslığın elmi-nəzəri, praktiki və təhlil perspektivlərinə həsr olunmuş bu
seminar əslində “türkoloji folklorşünaslıq” anlayışının ilk dəfə olaraq elmi müzakirəyə
çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə dinlənilən məruzə və aparılan
müzakirələr göstərdi ki, türk dünyasının folklor irsinin araşdırılması üçün vahid nəzəri-
metodoloji çətirin müəyyənləşdirilməsi, mövcud yanaşmaların yenidən qiymətləndirilməsi və
gələcək praktik fəaliyyət istiqamətlərinin planlaşdırılması qarşıda duran mühüm elmi və elmi-
təşkilati məsələlərdəndir.
“Müzakirələr göstərdi ki, müasir rəqəmsal və texnoloji imkanlar fonunda türk dünyasının
folklor irsinin qorunması və tədqiqi ilk növbədə yerli rəqəmsal arxivlərin yaradılmasını, ayrı-
ayrı türk xalqlarına məxsus mədəni-irs arxivlərinin formalaşdırılmasını, həmin arxivlər arasında
inteqrativ əlaqələrin qurulmasını və onların vahid rəqəmsal platformada birləşdirilməsini tələb
edir. Bununla yanaşı, türkoloji folklorşünaslığın nəzəri-metodoloji aspektlərinin
aydınlaşdırılması üçün ümumi terminoloji bazanın formalaşdırılması və bu istiqamətdə yeni elmi
yanaşmaların müzakirəsi xüsusi aktuallıq kəsb edir”, – deyə Hikmət Quliyev vurğulayıb. Alim
qeyd edib ki, türk dünyasının mədəni irsinin öyrənilməsi və təbliği sahəsində fəaliyyət göstərən
qurumlarla — Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin
UNESCO-nun müxtəlif türk xalqları üzrə Milli Komissiyaları ilə əməkdaşlığın genişləndirilməsi bu sahədə koordinasiyalı elmi fəaliyyət üçün çox vacibdir. O, türk dünyası ölkələrinin folklorşünas alimlərini bir araya gətirən ümumi elmi platformanın yaradılması və 2026-cı ildə Türkoloji Qurultayın 100 illiyi münasibətilə ortaq konfrans və simpoziumların keçirilməsi üçün müzakirələrin aparılmasının zəruriliyini qeyd edib.
Tədbirin sonunda Folklor İnstitutunun direktoru, filologiya üzrə elmləri doktoru Hikmət
Quliyev Folklor İnstitutu adından professor Bayram Durbilməzə mühüm əhəmiyyətli məruzəsinə
görə təşəkkürnamə, eləcə də İnstitutda nəşr olunan yeni tədqiqat kitablarını təqdim edib.
Professor Bayram Durbilməz isə qarşılıqlı olaraq özünün müəllifi olduğu kitabları Folklor
İnstitutuna hədiyyə edib. Seminar xatirə fotosunun çəkilməsi ilə yekunlaşdırılmışdır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər