media-ukr-baki-900x524

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri müxtəlif aspektlərdən qiymətləndirilir və xüsusilə geosiyasi, siyasi və enerji təhlükəsizliyi baxımından diqqət çəkir.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, hazırkı qlobal proseslər fonunda bu səfər xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bir tərəfdən Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən ABŞ-İsrail cütlüyü ilə İran arasında gərginlik qlobal təhlükəsizlik arxitekturasına ciddi təsir göstərib. Bu şəraitdə Azərbaycanın balanslı və ehtiyatlı siyasəti özünü doğruldur. Azərbaycan heç bir tərəfin mövqeyini açıq şəkildə dəstəkləmədən, milli maraqlarını əsas götürərək siyasət yürüdür.

Əlibəyli qeyd edib ki, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanıyır, humanitar və enerji sahəsində dəstək göstərir. Eyni zamanda, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və hər iki ölkə ilə münasibətləri qoruyub saxlayır. Oxşar yanaşma İranla bağlı məsələlərdə də müşahidə olunur.

Eks-deputatın fikrincə, bu balanslı siyasət artıq konkret nəticələr verir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində strateji mövqeyini gücləndirir və tədricən etibarlı diplomatik mərkəzə çevrilir.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Ukraynanın Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsi təklifi də təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq səviyyədə təhlükəsiz və etibarlı platforma kimi qəbul edildiyini göstərir.

Onun sözlərinə görə, səfər Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına da töhfə verə bilər. Danışıqlarda əsas diqqətin enerji və ticarət məsələlərinə yönələcəyi gözlənilir. Xüsusilə Azərbaycan qazının Avropaya nəqlində Ukraynanın tranzit və logistika imkanlarının müzakirəsi ehtimal olunur.

Əlibəyli əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın mühüm təcrübə qazandığını göstərir və gələcəkdə Ukraynanın müharibədən zərər görmüş bölgələrinin yenidən qurulmasında bu potensialdan istifadə oluna bilər.

Sabiq deputat hesab edir ki, bu səfər həm də Ukraynanın Cənubi Qafqazda mövqelərini gücləndirmək, regional təhlükəsizlik sistemində rolunu artırmaq və Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.

Yekunda Qulamhüseyn Əlibəyli bildirib ki, Zelenskinin Azərbaycana səfəri Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasətin növbəti diplomatik uğuru kimi dəyərləndirilə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər