Ukrayna ərazi güzəştlərinə gedir? - Rəsmi Kiyevdən konstruktiv dialoq TƏKLİFİ
Ukrayna prezidenti Volodimir Zelenski növbəti danışıqlar mərhələsində münaqişənin dayandırılması ilə bağlı ən mübahisəli məsələyə – Rusiyanın Ukraynanın suveren ərazilərinə dair tələbini qəti şəkildə gündəmdən çıxarmağı planlaşdırır.
ERAmedia xəbər verir ki, bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak “The Atlantic” nəşrinə müsahibəsində bildirib.
Yermakın sözlərinə görə, Zelenski ölkə prezidenti olduğu müddətdə sülh müqabilində ərazi verməyə razılıq verməyəcək. “Bu gün heç bir sağlam düşüncəli adam ərazidən imtina sənədini imzalamaz. Zelenski prezident olduğu müddətdə kimsə bizim ərazi verəcəyimizə ümid etməməlidir. O, belə bir sənədi imzalamayacaq”, – deyə o telefon müsahibəsində vurğulayıb.
Prezident Ofisi rəhbəri xatırladıb ki, ölkə Konstitusiyası da bunu qadağan edir: “Əgər Ukrayna Konstitusiyasına və Ukrayna xalqına qarşı çıxmaq istəmirsə, heç kim bunu edə bilməz”.
Yermak əlavə edib ki, ərazi məsələsinə gəlincə, Ukrayna yalnız döyüşən tərəflərin nəzarət zonalarını müəyyən edən xəttin haradan keçməli olduğunu müzakirə etməyə hazırdır. “Hazırda real danışa biləcəyimiz yeganə mövzu təmas xəttinin müəyyən edilməsidir. Biz bunu etməliyik”, – deyə o qeyd edib.
Zelenski isə dünən “Telegram”da yayımladığı video-müraciətində bildirib ki, Ukrayna komandası amerikalı nümayəndələrlə birlikdə Cenevrə razılaşmalarının bəndlərini sülhə və təhlükəsizlik təminatlarına aparacaq formaya yaxınlaşdırmaq üzərində işləməyə davam edir.
O, ABŞ və Avropa tərəfdaşları ilə daimi təmasların olduğunu söyləyib: “Həmçinin dünyanın başqa bölgələrindəki tərəfdaşlarımızı məlumatlandırıram və onların suverenliyimizi dəstəklədiklərinə görə təşəkkür edirəm. Eyni zamanda, Ukraynanın kifayət qədər müdafiə dəstəyinə malik olması üçün mümkün olan hər şeyi edirik”.
“Gələn həftə təkcə nümayəndə heyətimizin deyil, həm də mənim üçün mühüm danışıqlar olacaq. Biz bu danışıqlar üçün möhkəm zəmin hazırlayırıq”, – deyə Ukrayna prezidenti əlavə edib.
ABŞ, Avropa İttifaqı və Ukrayna nümayəndələrinin Cenevrədə danışıqları 23 noyabrda baş tutub. Görüşdən sonra Vaşinqton və Kiyev Rusiya–Ukrayna münaqişəsinin şərtləri üzrə mövqelərini yaxınlaşdıra bildiklərini açıqlayıblar.
25 oktyabrda Andrey Yermak bildirmişdi ki, Zelenski danışıqlar üzərində işi mümkün qədər tez yekunlaşdırmaq üçün Donald Trampla görüşmək istəyir və bunun 27 noyabrda baş tuta biləcəyini istisna etməyib. Gələn həftə ABŞ nümayəndə heyətinin Moskvaya səfəri də gözlənilir.
Yermak 27 noyabrda “Telegram”da yazıb ki, həftənin sonunda Cenevrədə əldə olunan nəticələrin inkişafı üçün Ukrayna və ABŞ nümayəndə heyətlərinin birgə işi davam edəcək. “Tempi itirməmək və maksimum operativ hərəkət etmək vacibdir. Tərəfdaşlarımızla bölüşdüyümüz əsas məqsəd dəyişməzdir – Ukrayna üçün mümkün qədər tez davamlı və ədalətli sülhə nail olmaq. Cenevrədə olduğu kimi, müharibənin başa çatdırılması istiqamətində konkret addımların müəyyənləşdirilməsində real irəliləyiş əldə etmək üçün konstruktiv dialoqa hazırlaşırıq”, – deyə o bildirib.
Vural Həsənoğlu









