media-iran_ukraine_web_q_border

ABŞ və İsrailin ehtiyatları İran PUA-larına qarşı tükənərkən, “Bruegel” analitik mərkəzi Avropanı öz qapısı ağzında daha çətin bir mübarizə ilə bağlı xəbərdar edir.

ERAmedia bildirir ki, İran müharibəsinin cəbhə xəttinə yaxın yerləşdirilmiş ABŞ müdafiə mövqelərindən buraxılan hər bir “Patriot” raketinin qiyməti 4 milyon dollar (3,7 milyon avro) təşkil edir. Onun vurduğu İran istehsalı “Şahed” pilotsuz uçuş aparatının qiyməti isə maksimum on minlərlə avro ilə məhdudlaşır.

Avropanın gələcək müdafiə xərclərini planlaşdırarkən çıxarmalı olduğu ən kritik dərslərdən bəziləri məhz bu xərc fərqində gizlidir.

“Bruegel”ə görə müdafiə hesablamaları köklü şəkildə dəyişib. Bir zamanlar yüksək qiymətli olan və yalnız məhdud sayda orduların istifadə edə bildiyi dəqiq yönləndirilən PUA-lar və raketlər artıq dağıdıcı miqyasda istifadə ediləcək qədər ucuzlaşıb.

“Bruegel”in baş eksperti Guntram Volff və həmmüəllifi Aleksandr Burilkov bildirirlər ki, “Son iyirmi il İran tərəfindən buraxılan PUA və raketlərin qiymətinin, bu ölkələrə qarşı yerləşdirilən hava və raketdən müdafiə sistemlərindən açıq şəkildə daha aşağı olduğu bir strateji mühit yaradıb”.

İranın PUA və raketləri hədəfləri oxşar dağıdıcı təsirlə vurarkən, Körfəz ölkələri onları məhv etmək üçün yüzlərlə “Patriot” raketi sərf edir və ehtiyatlar yenilənə bildiyindən daha sürətlə tükənir.

Müəlliflər yazır ki, “Belə uzunmüddətli əməliyyatlarda istehsal gücü həyati əhəmiyyət daşıyır. ABŞ və İsrail üçün mənzərə qaranlıqdır”.

Lakin “Bruegel” müəlliflərinə görə, Avropa üçün əsas müdafiə riski ABŞ və İsraildən fərqli olaraq İran deyil, Rusiyadır. Onların fikrincə, Rusiya məhdud müasir hava müdafiəsinə və nisbətən zəif hava qüvvələrinə malik İranla müqayisədə daha ciddi təhdiddir.

“Rusiya bu zəifliklərin heç birinə malik deyil; güclü hava qüvvələri və son dərəcə inkişaf etmiş inteqrasiya olunmuş hava və raketdən müdafiə şəbəkəsinə sahibdir”, – deyə məqalədə qeyd olunur.

“Bruegel” xəbərdarlıq edir ki, Avropa ilə Rusiya arasında mümkün bir münaqişə “Rusiyanın PUA və raketlərinin kütləvi salvo zərbələri ilə Avropanın hava müdafiəsini doyuma çatdırdığı və nəticədə aşdığı, Yaxın Şərqdəki münaqişənin daha intensiv bir versiyası” kimi baş verə bilər.

Ukrayna bu reallığı artıq yaşayıb. Rusiyanın Ukrayna şəhərlərinə və enerji infrastrukturuna hücumları Kiyevi qiymətli tutucu raketləri nə vaxt istifadə edəcəyinə və hansılarının keçməsinə icazə verəcəyinə dair çətin seçimlər qarşısında qoyub.

Eyni zamanda, Ukraynaya hava müdafiə sistemləri verən Avropa ölkələri də öz ehtiyatları üzərindəki təzyiqi hiss edib.

Kiyevdən çıxarılan dərs indi Körfəzdə də təkrar olunur: Hücum edən tərəf müdafiə edən tərəfdən daha sürətli istehsal edə bilirsə, yalnız müdafiəyə əsaslanmaq uduzulmuş strategiyaya çevrilir.

“Bruegel”in təhlili Avropadakı müdafiə planlaşdırıcılarının diqqət yetirməli olduğu iki konkret prioriteti göstərir.

Birincisi, aşağı maliyyətli tutucu texnologiyalara geniş miqyasda investisiya yatırmaqdır. Ukraynalı şirkətlər artıq Körfəz ölkələrinin də maraq göstərdiyi ucuz tutucu dronlar hazırlayıb. Bu da döyüş meydanında innovasiyanın harada baş verdiyini açıq şəkildə göstərir.

“Avropa hava müdafiəsini səmərəli şəkildə təşkil etmək üçün Ukraynadan öyrənməlidir”, – deyə məqalədə qeyd olunur.

Həmçinin vurğulanır ki, hücum və müdafiə arasındakı böyük xərc fərqini azaltmaq üçün ucuz anti-dron imkanlarına geniş şəkildə investisiya edilməlidir.

Hər atış üçün milyonlarla dollar tələb edən yüksək səviyyəli tutuculara güvənmək və onları çox ucuz dronlara qarşı istifadə etmək maliyyə baxımından tükənməyə aparan yol hesab olunur.

Bu ayın əvvəlində Böyük Britaniya hökuməti İranın dron və raket hücumlarına qarşı müdafiə texnologiyalarının sürətli alınmasına yönəlmiş toplantı keçirib. Görüşdə müdafiə şirkətləri ilə yanaşı Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, BƏƏ, İraq və İordaniyadan diplomatlar və hərbi attaşelər iştirak ediblər.

“Dealroom” məlumatlarına görə, Avropadakı müdafiə texnologiyası startapları 2025-ci ildə 1,8 milyard dollar investisiya cəlb edib. Bu, əvvəlki rekorddan təxminən üç dəfə çoxdur. 2026-cı ilin ilk aylarında isə əlavə olaraq 854 milyon dollar yatırım əldə olunub.

Estoniyada yerləşən “Frankenburg Technologies” və Ukrayna-Böyük Britaniya ortaq təşəbbüsü olan “Uforce” da ucuz dron və raket tutucuları hazırlayan şirkətlər arasındadır.

İkinci dərs isə siyasi baxımdan daha çətin, lakin hərbi cəhətdən daha vacibdir: Avropanın dərin zərbə (deep strike) imkanları. Avropa bunu formalaşdırmalıdır.

“Bruegel”ə görə, sənaye potensialına malik rəqibə qarşı yıpratma müharibəsini yalnız hava müdafiə sistemləri ilə qazanmaq mümkün deyil.

Vural


media-adspc

Bənzər xəbərlər