Ukraynadan diplomatik fəallıq: Kiyev Türkiyə ilə əlaqələri gücləndirir
Yaxın Şərqdə artan gərginliyə baxmayaraq, Rusiya-Ukrayna müharibəsində ciddi dəyişiklik müşahidə olunmur. Müharibənin gedişində tərəflər mövqelərini qorumağa çalışır.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Ukrayna yalnız hərbi sahədə deyil, diplomatik müstəvidə də fəallığını artırır. Onun sözlərinə görə, Kiyev ABŞ və Avropa ilə yanaşı, Avrasiya istiqamətinə xüsusi diqqət ayırmağa başlayıb.
Şərhçi qeyd edir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri bu siyasətin tərkib hissəsidir. Onun fikrincə, Ankarada təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, qaz infrastrukturu və enerji layihələrinin müzakirəsi Kiyevin uzunmüddətli strategiyasından xəbər verir.
Elxan Şahinoğlu vurğulayır ki, Zelenskinin Türkiyədən sonra Suriyaya səfəri və üçtərəfli formatda keçirilən görüşlər Ukraynanın regionda yeni diplomatik platformalar yaratmaq cəhdinin göstəricisidir. Onun qənaətinə görə, bu addımlar həm müdafiə əməkdaşlığı, həm də ərzaq təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır.
Şərhçi əlavə edir ki, Ukrayna diplomatiyası paralel şəkildə Mərkəzi Asiya istiqamətində də fəallaşıb. Bu çərçivədə Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun Qazaxıstan və Özbəkistana səfərləri diqqət çəkir. Onun sözlərinə görə, Mişenko regionu yaxşı tanıyır və bu ölkələrlə əlaqələrin inkişafında mühüm rol oynayır.
Elxan Şahinoğlu hesab edir ki, Mərkəzi Asiya ölkələrinin balanslaşdırılmış xarici siyasəti Ukrayna üçün yeni imkanlar yaradır. Bu ölkələr Rusiya və Çinlə əməkdaşlıq etsələr də, eyni zamanda Qərb və Ukrayna ilə əlaqələri inkişaf etdirməyə çalışırlar.
Şərhçi bildirir ki, Kiyev xüsusilə nəqliyyat dəhlizləri və ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır. Onun fikrincə, Transxəzər marşrutuna artan maraq Ukraynanın regionun logistika və enerji layihələrində iştirak etmək niyyətini göstərir.
Elxan Şahinoğlu həmçinin vurğulayır ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanın Ukraynaya humanitar dəstəyi və gələcəkdə yenidənqurma prosesində iştirakı mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu əməkdaşlıq müharibədən sonrakı dövrdə daha da genişlənə bilər.
Sonda şərhçi qeyd edir ki, Ukraynanın Avrasiya siyasəti təkcə diplomatik aktivlik deyil, həm də iqtisadi və strateji maraqlarla bağlıdır. “Kiyev regionun enerji və nəqliyyat layihələrindən kənarda qalmaq istəmir və bunun üçün bütün istiqamətlərdə fəallığını artırır”, – deyə Elxan Şahinoğlu bildirib.
Vüsalə










