Ukraynanın sabiq baş prokurorunun evində axtarışlar aparılıb
Fransada hüquq-mühafizə orqanları dekabrın 17-də Ukraynanın sabiq baş prokuroru Svyatoslav Piskunun yaşadığı ünvanda axtarışlar keçirib.
ERAmedia xəbər verir ki, bu barədə RBK-Ukrayna mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, axtarışlar Ukraynanın Dövlət Təhqiqatlar Bürosunun sorğusu əsasında aparılıb.
Qeyd olunur ki, axtarışlar zamanı Fransa tərəfinin Piskunun saxlanılması üçün əsaslarının yarandığı bildirilib.
Mənbələr əlavə ediblər ki, hadisə ilə bağlı daha ətraflı məlumat yaxın vaxtlarda açıqlanacaq.
Bundan əvvəl Ukrayna mətbuatı öz mənbələrinə istinadən yazıb ki, Piskunun evində aparılan axtarışlar onun oliqarx İqor Kolomoyskinin fiqurant olduğu qəsdən adamöldürmə işi üzrə istintaqın bağlanması müqabilində qanunsuz maddi fayda əldə etməkdə şübhəli bilinməsi ilə əlaqədar ola bilər.
Qeyd edək ki, Svyatoslav Piskun ukraynalı hüquqşünas və siyasətçidir. O, 1959-cu il martın 8-də Jitomir vilayətinin Berdıçev şəhərində anadan olub.
Piskun müxtəlif dövrlərdə (2002–2003, 2004–2005-ci illərdə və 2007-ci ildə) üç dəfə Ukraynanın baş prokuroru vəzifəsində işləyib.
Baş prokuror olduğu dövrdə Piskun bir sıra rezonans doğuran işlər və siyasi münaqişələrlə gündəmdə olub. O, bir neçə dəfə vəzifədən uzaqlaşdırılıb və məhkəmə qərarları ilə yenidən postuna bərpa edilib. 2007-ci ildə onun vəzifədən azad edilməsi ilə bağlı qərarlar sonradan Kiyev Dairə İnzibati Məhkəməsi tərəfindən qanunsuz hesab edilib.
Baş prokuror vəzifəsindən sonra Piskun siyasi və hüquqi fəaliyyətdə qalmaqda davam edib. 2020-ci ildə o, baş prokuror İrina Venediktovanın müşaviri təyin edilsə də, qısa müddət sonra bu vəzifədən ayrılıb.
Vural Həsənoğlu









