media-thumbnails-2026_1

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) hava temperaturu proqnozlarına dair yeni hesabat yayıb.

ERAmedia xəbər verir ki, hesabatda qlobal hava temperaturunun yüksəlməsinə səbəb olan El Nino hava hadisəsinin 2026-cı ilin iyun-avqust dövründə başvermə ehtimalının 80 faiz olduğu və həmin vəziyyətin noyabr ayına qədər davam edə biləcəyi qeyd olunub.

Bildirilib ki, tropik Sakit okeanda qeyri-adi dərəcədə isti okean sularının təsiri nəticəsində El Nino şəraiti formalaşır. Bu vəziyyətin qarşıdakı aylarda ekstremal hava hadisələri riskini artıracağı, qlobal temperatur və yağıntı rejimlərinə təsir göstərəcəyi vurğulanır.

Hesabatda iyun-avqust aylarında El Nino hadisəsinin baş vermə ehtimalının 80 faizə, həmin hadisənin ən azı noyabr ayına qədər davametmə ehtimalının isə 90 faizə yaxın və ya daha yüksək olduğu bildirilib. El Ninonun nə qədər güclü olacağı və pik nöqtəsinə nə vaxt çatacağı ilə bağlı qeyri-müəyyənliklər qalsa da, əksər proqnoz modelləri onun ən azı orta gücdə, böyük ehtimalla isə güclü olacağını göstərir.

Aprelin sonundan mayın ortalarınadək Mərkəzi və Şərqi Ekvatorial Sakit okeanda dəniz səthinin temperaturunun El Nino həddinə yaxınlaşdığı qeyd edilir. Bildirilir ki, səth temperaturundakı bu anomaliyalar tropik Sakit okeanın dərin qatlarında mövcud olan qeyri-adi istilik ehtiyatlarından qaynaqlanır.

Hesabata görə, tropik Sakit okeanda temperatur normadan təxminən 6 dərəcə yüksəkdir. Bu isə müşahidə olunan səth istiləşməsini gücləndirən mühüm istilik ehtiyatı yaradır.

Hesabatda fikirlərinə yer verilən BMT-nin Baş katibi Antonio Quterreş bildirib: “El Nino qarşıdakı aylarda 90 faiz ehtimalla qapımızı döyəcək. Dünya bunu təcili iqlim xəbərdarlığı kimi qəbul etməlidir. El Nino istiləşən dünyanın alovuna benzin tökmüş kimi olacaq. Onun təsirləri daha sərt olacaq, daha geniş ərazilərə yayılacaq və dağıdıcı sürətlə sərhədləri aşacaq”.

Quterreş vurğulayıb ki, bu vəziyyətə qarşı yeganə effektiv cavab ədalətli iqlim fəaliyyətidir. Bu fəaliyyət fosil yanacaqlardan asılılığın azaldılmasını, bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsini, həssas qrupların qorunmasını və hər kəs üçün erkən xəbərdarlıq sistemlərinin yaradılmasını əhatə edir.

ÜMT-nin baş katibi Selesta Saulo də potensial olaraq güclü El Nino hadisəsinə hazırlaşmağın vacibliyini bildirib.

“El Nino quraqlığı və güclü yağıntıları daha da şiddətləndirəcək, həm quruda, həm də okeanlarda isti hava dalğaları riskini artıracaq. 2023–2024-cü illərdə müşahidə olunan son El Nino tarixdə qeydə alınmış ən güclü 5 El Nino hadisəsindən biri idi və 2024-cü ildə qeydə alınan rekord qlobal temperatur göstəricilərində mühüm rol oynadı”, – deyə o diqqətə çatdırıb.


media-adspc

Bənzər xəbərlər