Ümumdünya Səhiyyə Təşkilatı ÇAĞIRIŞ edib
Antibiotiklərin istehsalı superbakteriyaların yayılması sürətinə sadəcə çata bilmir.
ERAmedia xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təqdim etdiyi yeni məruzədə belə deyilir. Məruzəyə görə, işlənib hazırlanmaqda olan antibakterial preparatların, o cümlədən həm yeni dərman vasitələrinin, həm də faqoterapiya kimi müalicənin eksperimental metodlarının sayı 2023-cü ildən azalaraq, 97-dən 90-na düşüb. Bu, bəzi preparatların yetərincə səmərəli olmaması nəticəsində onların klinik sınaqlardan çıxarılması səbəbindən baş verib.
Hazırda üzərində iş gedən rezistent infeksiyaların 90 müalicə metodundan yalnız 15-ni “innovativ” adlandırmaq olar. Bu o deməkdir ki, bunlar müalicə üçün tamamilə yeni preparat və yanaşmalardan ibarətdir. Onların çoxu artıq bəlli olan antibiotiklərin və ya onların daha əvvəl rezistent bakteriyaların öhdəsindən səmərəli gələ bilməyən kombinasiyalarının yeni formasıdır.
Hesabata görə, hazırda səhiyyə sahəsində böhran yaranıb. Yeni preparatların çoxu bakteriyaların onlara qarşı davamlı olması səbəbindən səmərəsizdir. Ekspertlər iddia edirlər ki, süni intellektin tətbiqi bu sahədə sıçrayış edə bilər.