Yeni virus XƏBƏRARLIĞI - Sürətlə yayılır
Dünya üzrə kruiz gəmisindən yayıldığı bildirilən “Hanta” virusuna yoluxma halları artmaqdadır.
ERAmedia xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kruiz gəmisi ilə əlaqəli təsdiqlənmiş yoluxma sayının beşə yüksəldiyini açıqlayıb. Yoluxanlar arasında çərşənbə günü təxliyə edilən iki sərnişinin də olduğu bildirilib. Daha əvvəl ÜST üç təsdiqlənmiş və beş şübhəli yoluxma faktının qeydə alındığını açıqlamışdı.
ÜST-nin Kabo-Verde üzrə nümayəndəsi Anne Lindstrand verdiyi açıqlamada gəmidən təxliyə olunan üçüncü xəstəyə aid nümunənin hələ də araşdırıldığını deyib.
Lindstrand bildirib ki, indiyədək gəmi ilə əlaqəli səkkiz yoluxma faktından beşi laborator analizləri nəticəsində Andes ştamı kimi təsdiqlənib. O, bunun kifayət qədər yüksək göstərici olduğunu vurğulayıb.
Səhiyyə qurumları Cənubi Afrika Respublikasında yoluxmuş sərnişinlərlə təmasda olmuş onlarla şəxsi nəzarətdə saxlayır. Kruiz gəmisindən ayrılan iki sərnişindən birinin öldüyü, digərinin isə xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.
Cənubi Afrika rəsmiləri riskli təmaslılar sırasında təyyarə sərnişinləri, hava limanı əməkdaşları, tibb işçiləri, xəstəxana təmizlik personalı və liman nəzarətçiləri daxil olmaqla ümumilikdə 62 nəfərin müəyyən edildiyini açıqlayıb.
Hazıradək həmin şəxslərdən 42-si ilə əlaqə yaradıldığı və onlarda Hanta virusunun aşkarlanmadığı bildirilib. Səhiyyə Nazirliyinin hesabatına görə, hələ də axtarılan 20 nəfərdən bəzilərinin ölkəni tərk etdiyi ehtimal olunur.
ÜST-nin Cənubi Afrika üzrə nümayəndəsi Şeinaz əl-Halabi isə ölkədə təsdiqlənmiş və ya şübhəli Hanta virusu daşıyıcıları ilə təmasda olmuş 65 nəfərin müəyyən edildiyini, digər ölkələrdə isə daha 12 nəfərin izlənildiyini bildirib.
Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutunun açıqladığı test nəticələrinə əsasən, Yohannesburqda həyatını itirən hollandiyalı qadının və hazırda xəstəxanada müalicə alan britaniyalının Andes ştamına yoluxduğu təsdiqlənib.
İnstitutun açıqlamasında bildirilib ki, Andes ştamı insandan insana keçdiyi bilinən yeganə Hanta virusudur. Bununla belə, yoluxmanın olduqca nadir hallarda və yalnız çox yaxın təmas nəticəsində baş verdiyi qeyd olunub.
ÜST epidemiyanın başlanğıcından bəri virusun ümumi ictimaiyyət üçün yaratdığı riskin aşağı səviyyədə qaldığını vurğulayıb. Bildirilib ki, virus əsasən gəmiricilər vasitəsilə yayılır.
ÜST-nin Epidemiya və Pandemiya Təhdidlərinin İdarəedilməsi direktoru Maria Van Kerkhove açıqlamasında qeyd edib ki, insandan insana yoluxma əsasən eyni kabində qalmaq və ya birbaşa tibbi yardım göstərmək kimi yaxın təmas hallarında mümkündür. O bildirib ki, bu virusun yayılma xüsusiyyətləri COVID-19 və qripdən tamamilə fərqlənir.
Van Kerkhove həmçinin bildirib ki, ÜST gəmi Kabo-Verdeyə çatmazdan əvvəl Müqəddəs Yelena adasında gəmini tərk edən sərnişinlərin izlənməsi üçün müxtəlif ölkələrlə əməkdaşlıq edir.
Vüsalə









