Unudulmaz QƏHRƏMAN... FOTO
Hər bir xalqın tarixi onun qəhrəmanlarının adları ilə bağlıdır. Bu qəhrəmanlar öz fədakarlıqları, igidlikləri və vətən sevgiləri ilə tarix yazır, gələcək nəsillərə örnək olurlar. Xalqın qəhrəman oğulları adlarını əbədiyyətə qovuşduraraq, xalqın yaddaşında əbədi yaşayırlar. Bir çox millətin azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə öz qəhrəmanları olmuşdur. Azərbaycanın da tarixində xalqın qəhrəman övladları önəmli yer tutur. Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımız tarix boyu xalqımızın qüruru olmuş, onların igidliyi nəsillərdən-nəsillərə ötürülmüşdür. Azərbaycan xalqı öz qəhrəman oğullarını həmişə böyük ehtiramla anmış, onların xatirəsini əziz tutmuşdur.
Bu qəhrəmanlar arasında Azərbaycanın Milli Qəhrəmanları da var ki, onların adları Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Bu şəxslər öz həyatlarını vətən uğrunda fəda edərək, xalqın azad və müstəqil yaşaması üçün hər cür çətinliyə sinə gərmişlər. Onların hər biri xalqın qəhrəman oğulları kimi tanınır və xatirələri daim yaşayır. Azərbaycanımız üçün yaşamış igidlərimizi unutmuruq, unutmayacağıq. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır. Azərbaycanın Milli qəhrəmanı Əliyar Yusif oğlu Əliyev belə oğul olub, belə hərbçi olub, belə qəhrəman olub…
Əliyev Əliyar Yusif oğlu 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirib, Azərbaycan dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1980-1982-ci illərdə orduda hərbi xidmətdə olmuşdur. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Saransk Dövlət Universitetində müəllim işləmişdir. Əliyar Əliyev Respublikanın adlı-sanlı idmançılarından sayılırdı. Rayon orta məktəbində müəllim işlədiyi vaxtlarda “Məhsul” kənd Könüllü İdman Cəmiyyətində məşqçi olmuş, 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilmişdir. Dəfələrlə klassik güləş üzrə respublika, Ümumittifaq və Beynəlxalq yarışlarda qalib gəlmişdi. Gənc pəhləvan, eyni zamanda, bir sıra mühüm yarışların hakimi və baş hakimi olmuşdu. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu idi, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunurdu. Əliyar Əliyev respublikamızda gedən ictimai-siyasi hadisələrdə yaxından iştirak edirdi. Beyləqan rayonunda Xalq Hərəkatına başçılıq etmişdir. Ermənistanın təcavüzü zamanı cəbhəyə könüllü getmişdir. Ermənilərin Başarat kəndi, Topağac yüksəkliyinə hücumunun dəf edilməsində iştirak etmişdir. Sonra 1992-ci il… Oktyabrın 3-ü… Şurumbaşı yüksəkliyi… Qanlı döyüşlər… Əliyar Əliyevin taboru “Tikanlı zəmi” deyilən dağa qədər irəliləmişdi. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdi. Lakin o, yüksəkliyə çata bilmədi, düşmən gülləsinə tuş gələrək sürücüsü Əlisadət Ağayevlə birlikdə qəhrəmancasına şəhid oldular. Evidir. Üç övladı var.
Azərbaycan Respublikası prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 saylı fərmanı ilə mayor Əliyar Yusif oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Əliyar Əliyevin məzarı Qubadlı rayonunun Qəzyan kəndindədir. Böyük Qayıdış çərçivəsində Qubadlıda ermənilər tərəfindən Milli Qəhrəmanların dağıdılmış məzarları bərpa edilib, o cümlədən Qubadlının Qəzyan kəndində Milli Qəhrəman Əliyar Əliyevin və onun sürücüsü Əlisadət Ağayevin qəbirüstü abidələri bərpa olunmuş, Sumqayıt şəhəri 42-ci məhəllədə Milli qəhrəmanımızın xatirəsinə abidə ucaldılmışdır. Əliyar Əliyevin yaratdığı tabor, Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır və 13 dekabr 2017-ci ildə həmin küçədə Milli Qəhrəmanımızın abidəsi qoyulmuşdur. Qubadlı rayon Qəzyan kənd tam orta məktəbi də Milli Qəhrəmanın adını daşıyır. Qəhrəmanlar ölümü gözə alaraq vuruşub, şəhid olublar. Buna görə də onların heç birini unutmaq olmaz. Onlar bizim qürur mənbəyimizdir. Qəhrəmanımızı qürurla, hörmətlə anırıq, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Vüqar HƏSƏNOV,









