Uşaqlara qarşı zorakılıqla bağlı cərimələr – Ekspert XƏBƏRDARLIQ EDİR
Qanunvericilikdə aparılan dəyişikliklərdən əvvəl həmin dəyişikliklərin yarada biləcəyi sosial və psixoloji risklərin mütləq şəkildə qiymətləndirilməsi vacibdir.
ERAmedia-nın məlumatına görə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, qanunvericilik təşəbbüsləri hazırlanarkən yalnız hüquqi mexanizmlər deyil, eyni zamanda cəmiyyətin mədəni xüsusiyyətləri, sosial davranış normaları və yerli sosial kodlar da ciddi şəkildə nəzərə alınmalıdır.
Onun sözlərinə görə, bu prosesdə müxtəlif sahələrin mütəxəssislərinin iştirakı vacibdir. “Tədqiqatçılar, sosial işçilər, psixoloqlar, həmçinin sığınacaqlar bu məsələyə dair mütləq rəy bildirməlidir. Tədqiqatçılar mümkün riskləri müəyyənləşdirən xüsusi risklər şkalası hazırlamalı, yalnız bundan sonra qanunvericilik dəyişiklikləri həyata keçirilməlidir”, – deyə o bildirib.
Mehriban Zeynalova hesab edir ki, uşaqlara qarşı zorakılıq yolu ilə tərbiyə üsulunun tətbiqinin cərimələnməsi məsələsində də müəyyən sosial risklər yarana bilər.
“Ehtimal edirəm ki, fiziki zorakılığın psixoloji və ya iqtisadi zorakılığa keçməsi bu risklərdən biri ola bilər. Digər tərəfdən, dəyişikliklərin tətbiqi mexanizmi də geniş müzakirə olunmur. Bu mexanizm uşağın yalnız qaynar xəttə zəngi iləmi tənzimlənəcək?” – deyə o vurğulayıb.
QHT sədri hesab edir ki, qanunvericilik dəyişiklikləri qəbul olunarkən onların praktik tətbiq mexanizmləri və cəmiyyətə mümkün təsirləri əvvəlcədən geniş şəkildə araşdırılmalı və müzakirə edilməlidir.
Vüsalə










