ÜST-dən epidemiya ilə bağlı fövqəladə vəziyyət qərarı
Konqo Demokratik Respublikasında və Uqandada qeydə alınan Ebola halları Dünya Səhiyyə Təşkilatını (ÜST) beynəlxalq fövqəladə vəziyyət elan etməyə vadar edib.
ERAmedia xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyası ilə bağlı rəsmi açıqlama yayıb.
Qebreyesus bildirib ki, region ölkələrinin rəhbərləri ilə məsləhətləşmələr aparılıb.
“Bundibugyo virusunun səbəb olduğu Ebola xəstəliyinin hazırda müşahidə edildiyi Konqo Demokratik Respublikası və Uqanda ilə aparılan məsləhətləşmələrdən sonra, epidemiyanın Beynəlxalq Səhiyyə Qaydalarına uyğun olaraq beynəlxalq əhəmiyyətli ictimai səhiyyə üzrə fövqəladə vəziyyət yaratdığına qərar verdim”, – deyə o bildirib.
ÜST rəhbəri qeyd edib ki, mövcud vəziyyət hələlik “pandemik fövqəladə vəziyyət” meyarlarına cavab vermir.
O, həmçinin Konqo Demokratik Respublikası və Uqanda rəhbərliyinə təşəkkür edərək deyib.
“Hadisələri nəzarət altına almaq üçün qətiyyətli addımlar atdıqlarına və beynəlxalq ictimaiyyətin hazırlıq görməsinə imkan yaradan şəffaf mövqelərinə görə minnətdaram”, – baş direktor deyib.
Qebreyesus epidemiyanın beynəlxalq yayılma riski daşıdığını vurğulayıb. Onun sözlərinə görə, 16 may tarixinə qədər Konqo Demokratik Respublikasının İturi vilayətində 8 təsdiqlənmiş yoluxma, 246 şübhəli yoluxma halı və 80 şübhəli ölüm qeydə alınıb.
Bundan əlavə, Uqandanın paytaxtı Kampalada Konqo Demokratik Respublikasından gələn iki nəfərdə Ebola virusu təsdiqlənib.
ÜST rəhbəri Bundibugyo virusuna qarşı təsdiqlənmiş peyvənd və ya müalicənin olmadığını diqqətə çatdıraraq bildirib.
“Epidemiyanın miqyasını müəyyən etmək, profilaktika və müdaxilə tədbirlərini koordinasiya etmək, həmçinin nəzarət mexanizmlərini tətbiq etmək üçün beynəlxalq koordinasiya və əməkdaşlığa ehtiyac var. Üzv dövlətlərə müvəqqəti tövsiyələr vermək məqsədilə ən qısa zamanda Fövqəladə Hallar Komitəsi toplanacaq”, – deyə o qeyd edib.
Vüsalə









