Vaşinqton görüşünün bir ili: Siyasi anlaşma iqtisadi əməkdaşlığa çevrilir
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanmasının sabah bir ili tamam olacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüş regionda dayanıqlı sülh istiqamətində tarixi mərhələnin əsasını qoyub.
Deputatın sözlərinə görə, əldə olunan anlaşma təkcə siyasi baxımdan deyil, həm də iqtisadi əməkdaşlıq baxımından yeni imkanlar yaradıb.
“Vaşinqton görüşündən sonra Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana yanacaq məhsullarının ixracına başlayıb. Eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu, iqtisadi əlaqələrin mərhələli şəkildə bərpasının göstəricisidir və regionun inkişafı üçün yeni perspektivlər açır”, – deyə Vüqar Bayramov vurğulayıb.
Deputat qeyd edib ki, artıq bu proses rəsmi statistikada da öz əksini tapır.
“Azərbaycanın rəsmi statistikasında Ermənistan ilə ixrac və idxal əməliyyatları qeydə alınır. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, Azərbaycanın Ermənistana ixracının həcmi 17,1 milyon dollara çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk beş ayında isə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyon 273 min dollar təşkil edib. Bunun 11 milyon 272 min dolları Azərbaycandan Ermənistana ixracın payına düşüb. Ermənistandan Azərbaycana idxal isə cəmi min dollar olub”, – deyə o bildirib.
Vüqar Bayramovun sözlərinə görə, ticarətin strukturuna nəzər saldıqda əsas ixrac məhsullarını yanacaq təşkil edir.
“Azərbaycan ilk beş ayda Ermənistana dizel yanacağı da daxil olmaqla ağır distilyatlar və qazoyllar, müxtəlif növ mühərrik benzinləri, eləcə də plastmas inşaat detalları ixrac edib. Rəsmi statistikada Ermənistandan Azərbaycana min ədəd kəsilmiş təzə qızılgül idxalı da əks olunub. Bununla belə, ehtimal olunur ki, söhbət re-eksport əməliyyatından gedir”, – deyə deputat qeyd edib.
Millət vəkili hesab edir ki, formalaşmağa başlayan iqtisadi münasibətlərin davamlı olması üçün sülh prosesinin tam başa çatdırılması xüsusi əhəmiyyət daşıyır.
“Artıq Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri formalaşmaqdadır. İndi əsas məsələ Vaşinqton görüşündən sonra əldə olunan sülh gündəliyinin dayanıqlığını daha da möhkəmləndirməkdir. Bunun üçün Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsi vacibdir. Sülh müqaviləsinin imzalanması isə sülhü institusional çərçivəyə salaraq onu daha dayanıqlı və uzunmüddətli edə bilər”, – deyə Vüqar Bayramov əlavə edib.
Vüsalə










