media-1775323226_medi

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ-la İran arasında gərginliyin azaldılması istiqamətində diplomatik təşəbbüslərin davam etdiyini açıqlasa da, tərəflər arasında real irəliləyiş müşahidə olunmur.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Vaşinqton və Tehran qarşılıqlı təklifləri rədd etdikləri üçün danışıqlar prosesi faktiki olaraq dalana dirənib.

Onun sözlərinə görə, İslamabad tərəflər arasında əlaqələrin tam kəsilməməsinə çalışır və ən azı yazışmaların davam etməsində maraqlıdır. Bununla belə, Pakistanın vasitəçiliyi çərçivəsində keçirilən ilk görüşdən sonra ikinci görüş baş tutmayıb.

Siyasi şərhçi qeyd edib ki, Pakistanın vasitəçilik təşəbbüsü daha çox Çinin maraqlarına cavab verir. O vurğulayıb ki, Çin və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və Pekin İslamabadın səylərinin nəticə verəcəyinə ümid edir.

Elxan Şahinoğlu bildirib ki, ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpin ilə Pekində keçirdiyi görüş zamanı bir daha aydın olub ki, Çin “Hörmüz boğazı” probleminin qısa müddətdə həllində maraqlıdır. Onun fikrincə, Vaşinqton da boğazda tankerlərin sərbəst hərəkətinin bərpasını istəyir, lakin bunun üçün ABŞ-la İran arasında razılaşma əldə olunmalıdır.

Şərhçi hesab edir ki, hazırkı mərhələdə belə bir razılaşma real görünmür. O əlavə edib ki, Pekin “Hörmüz boğazı”nın açılması üçün Tehrana ciddi təzyiq göstərmək niyyətində deyil. Bu səbəbdən Donald Tramp Çinlə münasibətlərdən məmnunluğunu ifadə etsə də, tərəflərin İran məsələsində mövqeləri fərqli olaraq qalır.

Elxan Şahinoğlu ABŞ Konqresində də Pakistanın vasitəçiliyinə skeptik yanaşmanın artdığını vurğulayıb. O xatırladıb ki, respublikaçı senator Lindsi Qrem Pakistanın vasitəçi roluna etimad etmədiyini bildirib və İslamabadı İrana yaxın davranmaqda ittiham edib.

Siyasi şərhçinin sözlərinə görə, Vaşinqtonda belə bir narahatlıq yaranıb ki, İranın Pakistana təqdim etdiyi tələblər ABŞ tərəfinə daha yumşaq formada çatdırılıb. Bu isə müəyyən müddət Ağ Evdə Tehranın kompromisə hazır olması barədə yanlış təsəvvür formalaşdırıb. Halbuki İran rəhbərliyi əsas tələblərindən geri çəkilməyib.

Vural


media-adspc

Bənzər xəbərlər