Vaşinqton və Pekin yeni oyun qaydalarını müəyyənləşdirir
ABŞ prezidenti Donald Trampın Çinə səfərinin nəticələri beynəlxalq siyasi dairələrdə geniş müzakirə olunmaqdadır. Dünyanın iki aparıcı gücü arasında münasibətlərin gələcək istiqamətinin müəyyənləşdirilməsi baxımından səfər xüsusi diqqət çəkib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Donald Trampla Çin lideri Si Cinping arasında keçirilən görüşlərin gündəliyi aylar əvvəl hazırlanır və tərəflər əvvəlcədən hansı məsələlərdə kompromisin mümkün olub-olmadığını müəyyənləşdirirlər.
Onun sözlərinə görə, Trampın Çinə səfərindən əvvəl də məlum idi ki, Vaşinqton Tayvan məsələsində mövqeyini dəyişməyəcək. ABŞ əvvəlkitək Tayvanın güc yolu ilə Çinə birləşdirilməsinin əleyhinədir və ABŞ–Tayvan hərbi əməkdaşlığı davam etdiriləcək.
Elxan Şahinoğlu hesab edir ki, eyni vəziyyət İran məsələsində də müşahidə olunur. Onun fikrincə, Pekin Vaşinqtonun “Çin İran hakimiyyətinə təzyiq göstərsin” istəyini yerinə yetirməyəcək. Çin ABŞ-ın “İran nüvə silahı əldə etməməlidir” və “Hörmüz boğazı açıq qalmalıdır” tezisləri ilə formal şəkildə razılaşsa da, Tehran üzərində ciddi təzyiq mexanizmi tətbiq etməyəcək.
Siyasi şərhçi vurğulayıb ki, Çin əksinə, İran hakimiyyətinin ABŞ təzyiqi qarşısında zəifləməsinin qarşısını almağa çalışacaq. Onun qənaətinə görə, Pekin bundan sonra da Tehranla müəyyən kəşfiyyat məlumatlarını bölüşəcək və imkan daxilində tərəfdaşına hərbi texnika göndərməyə davam edəcək.
“Elə İran və Tayvan məsələləri Vaşinqtonla Pekinin əsas qırmızı çizgiləridir. ABŞ Tayvan məsələsində geri çəkilməyəcək, Çin isə İranla bağlı Amerikanın istəklərini tam yerinə yetirməyəcək”, – deyə Elxan Şahinoğlu bildirib.
Şərhçi qeyd edib ki, “Hörmüz boğazı”nın bağlanması Çin iqtisadiyyatının maraqlarına uyğun deyil. Buna baxmayaraq, Tehran Çinə məxsus neft tankerlərinin boğazdan keçidinə şərait yaradıb. Donald Tramp da ABŞ hərbi komandanlığına həmin tankerlərin keçidinə mane olmamaq göstərişi verib.
Elxan Şahinoğlunun fikrincə, Vaşinqtonun bu addımı Trampın Pekində əldə etdiyi razılaşmaların pozulmamasına hesablanıb. O bildirib ki, ABŞ Prezidenti hazırkı mərhələdə Çinlə münasibətlərin yenidən gərginləşməsində maraqlı deyil.
Siyasi şərhçi əlavə edib ki, Tramp Çinlə dialoq zamanı insan haqları məsələlərini də gündəmə gətirməyib. Halbuki, ABŞ-da fəaliyyət göstərən uyğur təşkilatları Ağ Ev rəhbərinə açıq məktub ünvanlayaraq, Çin hakimiyyətinin uyğurlara tətbiq etdiyi məhdudiyyətlərin müzakirə olunmasını xahiş etmişdilər.
“Elə görünür ki, Donald Tramp ümumilikdə insan haqları mövzusuna xüsusi önəm vermir və bu səbəbdən uyğur məsələsini də Si Cinpinlə müzakirə etməyib”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Vural










