media-d8b62203-c1a3-455e-87c7-be022f0fc62e
media-bant_master

Ukrayna Prezidenti Volodimir Zelenski Avropada ölkəsinə dəstəyi gücləndirmək məqsədi daşıyan səfəri çərçivəsində Rusiya ilə sülh üçün hər hansı ərazi güzəştini qəti şəkildə rədd etdiyini bildirib.

ERAmedia xəbər verir ki, Zelenski ABŞ-dən gələn “ağrılı kompromis” təzyiqlərinə baxmayaraq, bu mövqedən geri çəkilməyəcəyini vurğulayıb.

Ukrayna prezident jurnalistlərin suallarını cavablandırdığı “Votsap” söhbətində bunları deyib: “Rusiya, şübhəsiz ki, bizdən torpaq verməyimizi istəyir. Biz isə açıq şəkildə heç nədən imtina etmək istəmirik. Axı biz bunun üçün döyüşürük”.

Zelenski həmçinin qeyd edib ki, ərazi təhvilinin hüquqi cəhətdən də mümkün deyil: “Ukrayna qanunlarına, Konstitusiyamıza və beynəlxalq hüquqa görə belə bir hüququmuz yoxdur. Açığını desək, mənəvi baxımdan da buna haqqımız yoxdur”.

Zelenski dünən Romaya yaxın Castel Gandolfoda Papa XIV Leo ilə görüşüb. Vatikanın açıqlamasına görə, Papa Leo “dialoqun davam etməsinin zəruri olduğunu və mövcud diplomatik təşəbbüslərin ədalətli və davamlı sülhə aparmasının təcili ehtiyac olduğunu” vurğulayıb.

Vatikan müharibə boyu neytral mövqeyini qorumağa çalışsa da, “əziyyət çəkən Ukrayna xalqı ilə həmrəylikdə olduğunu” bildirir. Papa Leo indiyədək Zelenski ilə üç dəfə görüşüb və ən azı bir dəfə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Papa atəşkəs çağırışı edib və xüsusilə Rusiyanı sülhü təşviq edən addımlar atmağa səsləyib.

Sülh planındakı ən ciddi mübahisə məqamlarından biri Donbasın Rusiyaya verilməsi təklifidir. Rusiya hazırda bu bölgənin böyük hissəsini işğal edib. Kiyev və Avropa müttəfiqləri isə torpaq güzəşti ideyasına qəti şəkildə qarşı çıxır.

ABŞ prezidenti Donald Tramp bazar günü jurnalistlərlə söhbətində Zelenskini tənqid edərək, Ukrayna liderinin “təklifi hələ oxumadığını” iddia edib.

Tramp ikinci prezidentlik müddətinə başladıqdan bəri Zelenski ilə münasibətləri dəyişkən olub. O, müharibəni ABŞ vergi ödəyiciləri üçün “boşa xərclənmiş pul” adlandırıb və münaqişənin bitməsi üçün Ukraynanın Rusiyaya torpaq verməli olduğunu dəfələrlə dilə gətirib.

Zelenski isə bildirib ki, Tramp müharibənin bitməsini istəyir. “Əlbəttə, onun öz baxışı var. Biz isə buradan – ölkənin içindən baxırıq. Bütün detalları və nüansları daha dərindən görürük, çünki bu bizim vətənimizdir”, – Zelenski deyib.

O, həmçinin bildirib ki, ABŞ-ın hazırkı sülh planı əvvəlki variantlardan fərqli olaraq 28 bənddən 20 bəndə endirilib və “açıq şəkildə Ukrayna əleyhinə olan bəzi maddələr çıxarılıb”.

Zelenski paralel olaraq Londonda Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers ilə də görüşüb. Məqsəd Trampın artan səbirsizliyi fonunda Ukraynanın danışıqlardakı mövqeyini gücləndirmək idi.

Starmer sülh səylərinin “kritik mərhələdə” olduğunu qeyd edərək, “ədalətli və davamlı atəşkəsin” vacibliyini vurğulayıb.

Mers isə ABŞ tərəfindən yayımlanan bəzi sənədlərdəki detallara “şübhə ilə yanaşdığını” bildirib: “Bunları müzakirə etməliyik. Burada olmağımızın səbəbi də budur. Qarşıdakı günlər hamımız üçün həlledici ola bilər”.

Avropa liderləri mümkün atəşkəsin həm Avropa, həm də ABŞ tərəfindən təmin ediləcək güclü təhlükəsizlik zəmanətləri ilə dəstəklənməsini istəyirlər. Tramp isə indiyədək açıq şəkildə təhlükəsizlik zəmanəti verməyib.

Kiyev və müttəfiqləri Rusiyanı danışıqları ləngitməkdə ittiham edirlər. Ukrayna tərəfinə görə, Rusiya quru əməliyyatlarında yavaş, lakin sabit irəliləyiş əldə edir və raket və pilotsuz uçuş aparatları ilə Ukrayna infrastrukturunu vurmağa davam edir.

Ukrayna ordusu da Rusiyaya zərbələr endirməyi davam etdirir. Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkənin müxtəlif bölgələri və ilhaq olunmuş Krım üzərində 121 Ukrayna PUA-sını vurub. Həmçinin Ukrayna sərhədindən təxminən 900 kilometr şimal-şərqdə yerləşən Çuvaşıstanda yaşayış evlərinin zədələndiyi və doqquz nəfərin yaralandığı açıqlanıb.

ERAmedia Analitik Qrupu


media-adspc

Bənzər xəbərlər