Venesuelanın müvəqqəti dövlət başçısından sürpriz ÇAĞIRIŞ
ABŞ prezidenti Donald Trampın “Maduro daha ağır bədəl ödəyəcək” deyə xəbərdarlıq etdiyi Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqesdən gözlənilməz bir müraciət gəlib.
ERAmedia xəbər verir ki, Rodriqes “Instagram” hesabından “dünyaya və ABŞ-a mesaj” yayıb.
O, xarici təhdidlərdən uzaq, qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlığa əsaslanan bir mühitdə yaşamaq istədiklərini vurğulayıb və sülh şəraitində birgə yaşama öhdəliyini təkrarlayıb.
Rodriqes Venesuela ilə bölgədəki digər ölkələr arasında balanslı və hörmətli münasibətlərin qurulmasına üstünlük verdiklərini bildirib.
O, ABŞ hökumətini əməkdaşlığa dəvət edib, beynəlxalq hüquq çərçivəsində ortaq inkişaf və birgə yaşamağı gücləndirməyi hədəfləyən bir yanaşma tələb edib.
“Prezident Donald Tramp, xalqımız və bölgəmiz müharibə deyil, sülh və dialoqu haqlayır” ifadəsini işlədən Rodriqes bu mesajın hər zaman Maduro tərəfindən dilə gətirildiyini və artıq bunun bütün Venesuelanın ortaq mesajı olduğunu vurğulayıb.
Qeyd edək ki, Venesuela Ali Məhkəməsi Maduronun vəzifədən kənarlaşdırılmasından sonra ölkənin vitse-prezidenti Delsi Rodriqesin ölkənin müvəqqəti dövlət başçısı kimi vəzifəsini icra etməsinə qərar verib.









