Vətən uğrunda canından keçən leytenant - Anar Qorçuyev

Azərbaycan xalqının tarixində elə adlar var ki, zaman keçsə də silinmir, əksinə daha da ucalır. O adlardan biri də 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şəhid leytenant Anar Nadir oğlu Qorçuyevdir.
Əslən Zəngəzur mahalı Qubadlı rayonunun Çardaxlı kəndindən olan Qorçuyev Anar Nadir oğlu, 1987-ci il yanvar ayının 4-də Sumqayıt şəhərində anadan olmuşdu. O, 1994-cü ildə Sumqayıt şəhər 9 nömrəli tam orta məktətbin 1-ci sinfinə getmiş, 2005-ci ildə isə həmin məktəbin məzunu olmuşdur. Anar orta məktəbi bitirdiyi il Azərbaycan Universitetinə qəbul olmuş və 2009-cu ildə bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışan Anar, işlədiyi hər bir kollektivin hörmət və rəğbətini qazanmışdır. 2017-ci ildə hərbi sahəyə olan marağı onu Hərbi Polisə gətirib çıxarmışdır. Daha sonra 2020-ci ilin iyun ayında Ali hərbi məktəbə qəbul olan və Vətən müharibəsi başlananda könüllü olaraq ordumuzun sıralarına qatılan Anar Qorçuyev, öncə xidmətdə olduğu döyüş bölgəsində yeni gətirilən gənc əsgərlərin təlimi, döyüş hazırlığı ilə məşğul olmuşdur.

Xidməti zamanı irəlidə döyüş getdiyindən gənc əsgərlərə də ehtiyac duyulur və onların da aktiv döyüş istiqamətinə aparılma vəziyyəti yaranır. Leytenant Anar Qorçuyev qərara alır ki, öz bölüyü ilə döyüşə qatılsın. Hərbi hissədə ona bildirilir ki, sən getmə, sən gənc əsgərlərin təlimində lazımsan, özün də gənc, yeni gəlmiş zabitsən. Ancaq Anar Qorçuyevin israrlı təkid və xahişindən sonra ona döyüşlərə qatılmasına icazə verilir. Beləliklə, Anar Qorçuyev təlim keçdiyi əsgərlərlə birlikdə Füzuli istiqamətində gedən döyüşlərə qatılır. 2020-ci il oktyabr ayının 7-də həmin istiqamətdə gedən ağır döyüşlərdə Qorçuyev Anar Nadir oğlu qəhrəmancasına şəhid olmuşdur. Məzarı Sumqayıt şəhər “Şəhidlər xiabanı”ndadır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, döyüş əməliyyatlarında şəxsi igidliy və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Anar Qorçuyev ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və ” Füzulinin azad olunmasına görə ” medalları ilə təltif olunmuşdur. Anar Qorçuyev Ailəli idi. Özündən sonra geriyə bir qız, bir oğul övladı yadigar qalıb.

Anar Qorçuyev Vətənə sədaqətin, zabit şərəfinin və oğul qeyrətinin canlı nümunəsi idi. O, hərbi andına son nəfəsinə qədər sadiq qaldı. Müharibənin ən ağır, ən taleyüklü günlərində ön cəbhədə döyüşərək təkcə torpaqlarımızı deyil, xalqımızın ləyaqətini, milli qürurunu qorudu.

Döyüş yoldaşlarının xatirələrində Anar leytenant cəsur komandir, qayğıkeş zabit, əsgərinə arxa-dayaq olan rəhbər kimi yaşayır. O, ölümün gözünə dik baxaraq bir addım belə geri çəkilmədi. Hər irəliləyişdə onun iradəsi, hər zəfərdə onun alın təri, hər azad edilən torpaqda onun canı vardı.
44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfər salnaməsi oldu. Bu salnamə isə Anar Qorçuyev kimi şəhidlərin qanı ilə yazıldı. Onlar bizə təkcə torpaq deyil, başıuca yaşamaq haqqını miras qoydular. Bu gün dalğalanan üçrəngli bayrağımızın hər dalğasında Anarın və onun silahdaşlarının ruhu var. Şəhid leytenant Anar Nadir oğlu Qorçuyev bu torpaqlara əmanət olmadı — bu torpaqlar ona əmanət edildi. O, adını şəhidlik zirvəsinə yazdıraraq əbədiyyət qazandı. Onun yoxluğu acıdır, amma qürur doğurur. Çünki o, Vətən üçün yaşadı və Vətən üçün şəhid oldu. Ruhu şad olsun, məkanı cənnət olsun. Azərbaycan xalqı səni heç vaxt unutmayacaq, qəhrəman leytenant!
Vüqar CALALOĞLU









