Vətənə sədaqətin simvolu: Heydər Əliyev bu general haqqında nə deyib?
Mahmud Əbilov Azərbaycan hərb tarixində igidliyi və vətənpərvərliyi ilə seçilən görkəmli sərkərdələrdən biridir.
ERAmedia xəbər verir ki, sadə kənd həyatından başlayaraq general-mayor rütbəsinə qədər yüksəlməsi onun əzmkarlığının və xidmətlərinin bariz nümunəsidir.
O, Böyük Vətən müharibəsində göstərdiyi şücaətlə həm döyüş yoldaşlarının, həm də xalqının böyük hörmətini qazanıb. Mahmud Əbilovun həyatı gənc nəsil üçün vətənə sədaqət, cəsurluq və fədakarlıq məktəbidir. Onun adı Azərbaycanda hər zaman ehtiramla anılır və xatirəsi müxtəlif abidələr, filmlər və tədbirlərlə yaşadılır. Generalın şərəfli ömür yolu xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biridir.
Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il sentyabrın 15-də Qusar rayonunun Ukur kəndində anadan olub. Yeniyetməlik dövründən əmək fəaliyyətinə başlayıb və kənd rus məktəbində cəmi iki sinif oxuyub. 1920-ci ildə XI Qızıl Ordunun döyüş yoluna başlayan Əbilov Azərbaycanda və Gürcüstanda əksinqilabçılara qarşı mübarizədə iştirak edib. Bakı (1920) və Tiflis hərbi məktəblərini bitirib (1930).
Görkəmli hərbi xadim M. Əbilov ömrünün 36-cı ilində general-mayor rütbəsinədək yüksəlib, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışıb. Böyük Vətən müharibəsi illərində diviziya komandiri vəzifəsinə təyin edilib, Pribaltika, Çexoslovakiya və Macarıstanda gedən döyüşlərdə böyük rəşadət göstərib.
M. Ə. Əbilov faşizm üzərində qələbədən sonra bir sıra atıcı diviziyalara komandanlıq edib və 1955-ci ildə Sovet Ordusu sıralarından ehtiyata buraxılıb. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olub.
M. Əbilov iki dəfə “Qırmızı Bayraq”, “Qırmızı Ulduz” və II dərəcəli “Kutuzov” ordenləri ilə təltif edilib. 1972-ci il yanvarın 2-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış sərəncama əsasən general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Sərəncama əsasən Qusar şəhərinin mərkəzi parklarından birinə Mahmud Əbilovun adı verilib və burada onun büstü qoyulub. Generalın doğma kəndi Ukurda möhtəşəm abidəsi ucaldılıb, kənd məktəbinə onun adı verilib. 2015-ci ildə faşizm üzərində qələbənin 70 illiyi münasibətilə çəkilmiş “Kiçik kəndin böyük generalı” adlı sənədli film Mahmud Əbilova həsr olunub.
Heydər Əliyev onun haqqında belə deyib: “Mahmud Əbilovun həyat fəaliyyəti, mərdliyi və cəsurluğu bugünkü gənc nəsil üçün örnəkdir”.
Vüsalə









