media-17652001774849948849_1200x630

Azərbaycan milli mətbuatının əsasını qoyan Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də ana dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti xalqımızın maariflənməsi, milli özünüdərk və dövlətçilik düşüncəsinin formalaşmasında müstəsna rol oynayıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin sədr müavini Musa Qasımlı Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək bildirib ki, “Əkinçi” qəzeti qaranlıqda yandırılmış şama bənzəyib, xalqımızın yoluna işıq tutub. Onun sözlərinə görə, yanan hər bir şam sönsə də, “Əkinçi”nin yandırdığı maarifçilik işığı heç vaxt sönməyib, əksinə, zaman keçdikcə daha da gur yanıb.

Sədr müavini qeyd edib ki, qəzetin adı zahirən torpağı əkib-becərən insanı ifadə etsə də, mahiyyət etibarilə xalq arasında maarifçilik ideyalarını, milli özünüdərk hissini, milli kimliyi və milli hədəfləri formalaşdıran sağlam toxumlar səpib. O vurğulayıb ki, cəmi 56 nömrəsi nəşr olunsa da, “Əkinçi”nin yaratdığı ənənə sonrakı dövrlərdə ana dilli mətbuatın inkişafına güclü təkan verib və xalqın maariflənməsində, milli maraqların qorunmasında mühüm rol oynayıb.

Musa Qasımlının sözlərinə görə, Azərbaycan milli mətbuatı zəngin dövlətçilik ənənələrinə malik xalqımızın arzularının, istiqlal uğrunda mübarizəsinin və milli dəyərlərinin aynasına çevrilib. O, Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə ünvanladığı təbrik məktubundan sitat gətirərək bildirib ki, dövlət başçısı Azərbaycan mətbuatının “Əkinçi” qəzetinin bəyan etdiyi prinsiplərə sadiq qalaraq böyük inkişaf yolu keçdiyini, XIX əsrin ikinci yarısından etibarən nəşr olunan çoxsaylı qəzet və jurnalların tariximizin güzgüsü olmaqla insanların maariflənməsinə, milli şüurun formalaşmasına, azadlıq ideallarının gerçəkləşməsinə və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verdiyini vurğulayıb.

Sədr müavini bildirib ki, dövlət tərəfindən ölkədə medianın inkişafı üçün bütün zəruri şərait yaradılıb, qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir. O xatırladıb ki, Ulu Öndər Heydər Əliyev 1998-ci ilin avqust ayında kütləvi informasiya vasitələri üzərində senzuranı ləğv etməklə Azərbaycan mediasının inkişafında yeni mərhələnin əsasını qoyub.

Musa Qasımlı qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək vahid ideoloji mübarizə cəbhəsinin mühüm iştirakçısına çevrilib. Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra da jurnalistlər yüksək vətənpərvərlik nümayiş etdirərək dövlətçilik maraqlarının müdafiəsində mühüm rol oynamaqda davam edirlər.

Sonda Milli Məclisin sədr müavini dövlət, millət və Vətən maraqlarını hər şeydən üstün tutan, xalqımızın minilliklərdən gələn milli-mənəvi dəyərlərini qoruyan bütün peşəkar media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib.


media-adspc

Bənzər xəbərlər