"WhatsApp"da yenilik: O mesajı alanlar dərhal xəbərdar ediləcək
“WhatsApp” vasitəsilə həyata keçirilən dələduzluq cəhdlərinə qarşı platforma yeni təhlükəsizlik funksiyası üzərində işləyir.
ERAmedia xəbər verir ki, xüsusilə bankların, dövlət qurumlarının və tanınmış brendlərin adından göndərilən şübhəli mesajları hədəf alan sistem istifadəçilərin dələduzluq cəhdlərini daha asan aşkar etməsinə kömək edəcək.
“Scam Alert” adlandırılan yeni funksiya mərhələli şəkildə beta istifadəçilərinə təqdim olunmağa başlayıb. Ayarlar bölməsindəki Hesab menyusundan manual şəkildə aktivləşdirilə bilən sistem tanınmayan nömrələrdən gələn mesajları təhlil edəcək.
Mesajın potensial dələduzluq cəhdi olduğu müəyyən edilərsə, WhatsApp istifadəçiyə xəbərdarlıq göstərəcək.
Xəbərdarlıqdan sonra istifadəçi şübhəli nömrəni bloklaya və “WhatsApp”a bildirə biləcək. Mesajı göndərən şəxsin etibarlı olduğu düşünülərsə, nömrəni etibarlı şəxslər siyahısına əlavə etmək də mümkün olacaq.
Yeni funksiyanın diqqətçəkən xüsusiyyətlərindən biri dələduzluğun aşkarlanması zamanı süni intellektdən istifadə edilməsidir.
“Scam Alert” çərçivəsində istifadə olunan süni intellekt modelinin cihaz üzərində işləyəcəyi və şübhəli mesajlaşma davranışlarını təhlil edərək istifadəçini mümkün risklər barədə məlumatlandıracağı bildirilir. Sistemin yeni dələduzluq üsullarına qarşı zamanla təkmilləşdirilməsi nəzərdə tutulur.
Etibarlı şəxs kimi əlavə edilən nömrə ilə aparılan söhbətlərdə istifadəçilərin söhbət tarixçəsindəki son 5 mesajı qarşı tərəfə göndərə biləcəyi qeyd edilir.
Bundan əlavə, mesajı göndərən şəxs qarşı tərəfin “Scam Alert” funksiyasından istifadə edib-etmədiyini görə bilməyəcək.
Yeni təhlükəsizlik funksiyasını sınaqdan keçirmək üçün Android beta istifadəçilərinin “WhatsApp”ın 2.26.34.1 versiyasına sahib olması tələb olunur.
Funksiya hazırda sınaq mərhələsindədir. Beta prosesinin başa çatmasından sonra “Scam Alert”in daha geniş istifadəçi kütləsinə təqdim ediləcəyi gözlənilir.
Əli Fərhad









