WUF13 Festivalı Qubada - FOTO
Quba şəhərində keçirilən WUF13 Festivalında iştirakçılara Ümumdünya Şəhərsalma Forumunun (WUF13) On Üçüncü Sessiyasının əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunub.
ERAmedia xəbər verir ki, ölkə ictimaiyyətinin WUF13 haqqında məlumatlandırılması məqsədilə təşkil olunan festivalın axşam proqramı Qubadakı Nizami parkında davam edib.
Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
Qeyd edək ki, günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin müəllim və tələbə heyəti, Quba şəhərində yerləşən müxtəlif məktəblərin və liseylərin şagirdləri, eləcə də Özbəkistandan ADPU-ya gələn müəllimlərdən ibarət qonaqlar iştirak ediblər.
WUF13 Festivalı Qubadan sonra ölkəmizin digər regionlarında, o cümlədən Sumqayıt və Bakı şəhərlərində də təşkil olunacaq.










