media-zemfira

Azərbaycanın Xalq artisti Zemfira Nərimanova 67 yaşını qeyd edir. Tanınmış aktrisa bu münasibətlə sənət həyatı, qarşılaşdığı çətinliklər və şəxsi seçimləri ilə bağlı diqqətçəkən açıqlamalar verib.

ERAmedia-nın məlumatına görə, sənətkar bildirib ki, səhnə fəaliyyəti qadın həyatı üçün müəyyən itkilərlə müşayiət olunur.

Onun sözlərinə görə, teatr qadının ailə xoşbəxtliyi, analıq və şəxsi həyatına ciddi təsir göstərir.

Zemfira Nərimanova səhnə arxasında yaşadığı təhlükəli məqamları da xatırladıb. Aktrisanın sözlərinə görə, bəzi hallarda həmkarları tərəfindən səhnədə qəsdən təhlükəli şərait yaradılıb. O qeyd edib ki, tamaşalardan birində səhnədə mismarların yerləşdirilməsi və digər hallarda dekorasiyanın dəyişdirilməsi nəticəsində xəsarət alıb. Aktrisa belə hadisələrdən birində ayağının sındığını, buna baxmayaraq tamaşanı sona qədər davam etdirdiyini deyib.

Bu çətin anlarda ona mərhum sənətkar Kamal Xudaverdiyev dəstək olub və səhnədəki təhlükələr barədə əvvəlcədən xəbərdarlıq edib.
Aktrisa eyni zamanda yaradıcılıq fəaliyyətində xarici təcrübə imkanlarından da danışıb. Onun sözlərinə görə, Yevgeni Simonov tərəfindən Moskvaya dəvət alsa da, həmin dövrdə rejissor Tofiq Kazımov onun getməsinə razılıq verməyib. Daha sonra Moskvada iki il fəaliyyət göstərən sənətkar, artıq Xalq artisti olduğu dövrdə vətənə qayıtmaq qərarı verib.

Zemfira Nərimanova bildirib ki, Azərbaycandan uzaqda yaşamaq onun üçün çətin olub və Bakıya qayıdarkən ilk etdiyi iş doğma torpağı öpmək olub.

Sənətkar həmçinin şəxsi həyatı ilə bağlı az bilinən bir faktı da açıqlayıb. O qeyd edib ki, mərhum aktrisa Amaliya Pənahova onun qohumu, dayısı qızıdır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər