media-rubabe_muradova

Azərbaycan musiqi sənətinin parlaq simalarından biri, Xalq artisti Rübabə Muradovanın vəfatından illər ötsə də, onun bənzərsiz səsi və həyat hekayəsi yaddaşlarda yaşayır.

ERAmedia xəbər verir ki, sənətkarın anım günü münasibətilə onun səhnəyə gəlişindən, sənət yolundan və ömrünün sonuna qədər daşıdığı Ərdəbil nisgilindən bəhs edən xatirələr yenidən diqqət çəkir.

1933-cü ildə Ərdəbildə dünyaya gələn Rübabə Muradova sonralar taleyin hökmü ilə doğma yurdundan uzaq düşür. Ailəsi Şirvan rayonunda məskunlaşır. Atası mollalıq edərək ailəsini, üç qızını dolandırmağa çalışırdı. Həmin dövrdə Şirvanda teatrın olmaması gənc Rübabənin sənətə olan marağının qarşısını almırdı. O, qonşu Sabirabad rayonuna gedərək burada səhnə fəaliyyətlərini izləyirdi.

Məhz həmin səfərlərdən biri onun həyatını dəyişir. Görkəmli aktyor Ələsgər Ələkbərov gənc Rübabəni dinləyir və istedadını yüksək qiymətləndirərək Bakıya, Filarmoniyaya dəvət edir. O zaman Rübabənin 20 yaşı belə tamam olmamışdı.

Rübabə Muradovanın peşəkar sənət yolunda yüksəlişi uzun çəkmir. Filarmoniyada fəaliyyət göstərdikdən sonra 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi səhnəyə çıxmağa başlayır. Bununla belə, səhnə fəaliyyəti ilə kifayətlənməyən sənətkar təhsilini də davam etdirir.

Onun sənətdəki uğurları dövlət tərəfindən də yüksək qiymətləndirilir. Rübabə Muradova 38 yaşında Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülür.

Lakin böyük sənət uğurlarının arxasında onun heç vaxt sağalmayan bir nisgili vardı: Ərdəbil həsrəti.

Doğulduğu torpağı bir daha görmək Rübabə Muradovanın ən böyük arzularından birinə çevrilmişdi. Ömrünün son illərində sənət dostlarından birinin ona gətirdiyi Cənubi Azərbaycandan, Ərdəbildən olan torpağı xüsusi əzizləyir və evində saxlayırdı. Sənətkar xəstə yatağında belə doğma şəhərini düşünür, bir gün Ərdəbilə qayıtmaq arzusunu dilə gətirirdi.

“Kaş bircə dəfə gedib Ərdəbili görəydim. Sürünə-sürünə də olsa gedib, oranı görüb, sonra öləydim”, – deyə Rübabə Muradovanın söylədiyi xatırlanır.

Sənətkar ölümündən əvvəl iki vəsiyyət edib. Onlardan biri Ərdəbildən gətirilən torpağın məzarına səpilməsi, digəri isə dəfn mərasimində məşhur kamança ifaçısı Habil Əliyevin onun məzarı başında musiqi ifa etməsi olub.

Lakin Habil Əliyev bu vəsiyyəti yerinə yetirə bilməyib. Səbəbini soruşanda isə o, sadəcə belə cavab verib: “Ürəyim gəlmədi, çala bilmədim”.

Rübabə Muradova 1983-cü ildə vəfat edib. Onun sənət irsi Azərbaycan musiqisinin yaddaşında qalmaqla yanaşı, doğma Ərdəbilə olan sonsuz həsrəti ilə də xatırlanır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər