Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək - Elçin Yusubov
Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda hazır olacaq və bu barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.
ERAmedia-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Xankəndi şəhərində keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
E.Yusubov bildirib ki, hazırda Xankəndi şəhərinin inkişaf konsepsiyası Qərb şirkətləri tərəfindən hazırlanır. Plan çərçivəsində Xankəndinin “gənclər şəhəri” kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərdə təhsil və sosial infrastrukturun genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Xüsusilə, Qarabağ Universiteti üçün geniş ərazi ayrılıb və burada təhsil alan tələbələr üçün müasir, rahat şəraitin yaradılması planlaşdırılır. Eyni zamanda, burada tələbə və müəllim heyətinin ümumi şəhər əhalisinin təxminən 12–15 faizini təşkil edəcəyi vurğulanır.
“Layihəyə əsasən, Xankəndinin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur. Bir sözlə, Xankəndi müasir şəhərə çevriləcək. Burada həyata keçirilən bütün layihələr şəhərin qısa zamanda dayanıqlı inkişafına uyğun şəkildə icra olunur”, – deyə o əlavə edib.










