media-xocavend-yadrftgyuy765-1

Artıq ikinci ildir ki, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur.

Milli Məclisin deputatı Vüqar Bayramov  ERAmedia – ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir.

Deputatın sözlərinə görə, uzun müddət işğal altında qalan yaşayış məntəqələrimiz artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. İntensiv məskunlaşma nəticəsində Qarabağda yaşayan, işləyən və təhsil alan vətəndaşlarımızın sayı getdikcə artır.

Vüqar Bayramov qeyd edib ki, hazırda 100 minə yaxın Azərbaycan vətəndaşı işğaldan azad olunan ərazilərdə yaşayır. Onların təxminən 40 mini keçmiş məcburi köçkünlərdir.

Deputat şəhər günü qeyd olunan Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə məskunlaşma ilə bağlı son rəqəmləri də açıqlayıb.

“Hazırda işğaldan azad olunan ərazilərimizdə 9858 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb. Ağdərə rayonunda 965 ailə və ya 3763 keçmiş məcburi köçkün vətəndaşımız yaşayır”, – deyə Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Ağdərə rayonunda məskunlaşan keçmiş məcburi köçkünlərin 550-si Aşağı Oratağ kəndində, 204-ü Çapar kəndində, 165-i Çıldıran kəndində, 205-i Heyvalı kəndində, 1180-i Həsənriz kəndində, 175-i Kolatağ kəndində, 592-si Suqovuşan kəndində, 90-ı Talış kəndində, 602-si isə Vəngli kəndində yaşayır.

Vüqar Bayramov bildirib ki, Xankəndi şəhərində 542 nəfər, Kərkicahan qəsəbəsində isə 210 nəfər məskunlaşıb.

Xocalı rayonunda da məskunlaşma prosesi davam edir. Belə ki, ümumilikdə 4993 nəfərin məskunlaşdığı Xocalı rayonunun Ballıca kəndində 1096 vətəndaşımız yaşayır. Xocalı şəhərində isə 651 nəfər məskunlaşıb.

Deputatın sözlərinə görə, Xocavənd rayonuna 4265 keçmiş məcburi köçkün vətəndaşımız geri qayıdıb. Xocavənd şəhərində 1706 nəfər, Qırmızı bazar qəsəbəsində isə 951 nəfər məskunlaşıb.

Vüqar Bayramov qeyd edib ki, yalnız bu ilin ilk 8 ayında işğaldan azad edilmiş ərazilərə 3350 ailə və ya 13 778 nəfər köçürülüb. Bu göstərici Böyük Qayıdış prosesinin 2026-cı ildə də intensiv şəkildə davam etdiyini göstərir.

“Böyük Qayıdış Proqramına əsasən, işğaldan azad olunan ərazilərimizdə məskunlaşma davam etdirilir. İşğal nəticəsində dağıdılan və uzun müddət baxımsız qalan Qarabağ artıq regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir”, – deyə deputat vurğulayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər