media-17909399161883250871_1200x630

“Xankəndi” futbol klubunun uzunmüddətli inkişaf strategiyası çərçivəsində Xankəndidə Futbol Akademiyasının yaradılması planlaşdırılır.

ERAmedia xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının sədri Elgün Səmədov məlumat verib.

Klubun rəhbəri qeyd edib ki, akademiyanın təsis olunmasında əsas məqsəd bölgədə futbol mühitini formalaşdırmaq və istedadlı uşaqları erkən yaşda aşkarlayaraq peşəkar səviyyəyə çatdırmaqdır: “Klubun gələcəyini yalnız əsas komandanın nəticələri ilə məhdudlaşdırmaq olmaz. Əgər dayanıqlı sistem qurmaq istəyiriksə, bunun təməli uşaq və yeniyetmə futbolundan başlamalıdır. Akademiyanın yaradılması bizim uzunmüddətli planlarımızın əsas istiqamətlərindən biridir”.

Müşahidə Şurasının sədri gələcəkdə komandanın öz yetirmələrindən təşkil olunmasının əsas hədəflərdən biri olduğunu vurğulayıb: “İstəyirik ki, gələcəkdə Xankəndidə futbola başlayan bir uşaq akademiyanın müxtəlif yaş qruplarından keçərək “Xankəndi”nin əsas komandasında meydana çıxa bilsin. Əlbəttə, bir gündə nəticə əldə etmək mümkün deyil. Bunun üçün uşaq-gənclər komandaları və düzgün seleksiya sistemi qurulmalıdır. Bu gün atılan addımlar gələcəkdə Xankəndidən peşəkar futbolçuların yetişməsinə imkan yaradacaq”.

O, həmçinin gənclərin idmana cəlb olunması üçün məktəblər, Qarabağ Universiteti və digər qurumlarla əməkdaşlıq çərçivəsində müxtəlif futbol layihələri, turnirlər və maarifləndirici tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.


media-adspc

Bənzər xəbərlər