Xankəndidə TDT ölkələrinin qurum rəhbərlərinin V Görüşü keçirilib
Xankəndi şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” mövzusunda V Görüşü keçirilib.
ERAmedia xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd rəqəmsal transformasiya və süni intellektin insan resurslarının inkişafına təsiri, insan resurslarının idarə edilməsində yeni yanaşmalar, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması, eləcə də TDT-yə üzv dövlətlər arasında bu istiqamətdə təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinin müzakirəsi olub.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxışında bugünkü müzakirələrin müasir çağırışlara cavab verən innovativ və ədalətli idarəçilik naminə yeni imkanlar açacağına, TDT-yə üzv ölkələr arasında uzunmüddətli tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirəcəyinə inamını ifadə edib.
Sonra TDT Katibliyi, Baş katibin müavini Nuru Quliyev və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxış ediblər. Çıxışlarda dövlət qulluqçularının rəqəmsal bacarıqlarının gücləndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
DİM-in İdarə Heyətinin sədri M.Abbaszadə çıxışında rəqəmsallaşma və süni intellekt dövründə dövlət qulluğunda insan resurslarının idarə edilməsinin əsas istiqamətlərinə toxunub. O, süni intellektin məlumatların emalı, analitika və kadr proseslərinin səmərəliliyinin artırılması baxımından geniş imkanlar yaratdığını qeyd etməklə yanaşı, yekun qərarların qəbulunda insan məsuliyyətinin və nəzarətinin qorunmasının vacibliyini vurğulayıb.
M.Abbaszadə Azərbaycanda dövlət qulluğuna qəbul və kadr idarəçiliyi proseslərinin rəqəmsallaşdırılması, Dövlət Qulluqçularının Vahid Reyestrinin və vahid rəqəmsal kadr ekosisteminin fəaliyyət göstərməsi barədə məlumat verib. O, növbəti strateji istiqamət kimi dövlət qulluğunda kompetensiya əsaslı modelə tam keçidin əhəmiyyətini qeyd edib. Çıxışda türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün kadr proseslərində şəffaflıq və təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi, “insan nəzarəti” prinsipinin tətbiqi, ortaq kompetensiya modelinin formalaşdırılması, dövlət qulluqçularının yeni nəsil bacarıqlar üzrə birgə hazırlanması və təcrübə mübadiləsindən birgə normativ təşəbbüslərə keçid olmaqla, beş prioritet istiqamət irəli sürülüb. Bu çərçivədə “Dövlət qulluğuna məsuliyyətli rəqəmsal seçim və idarəetmə üzrə Qarabağ Çərçivə Sənədi”nin (“Qarabağ Prinsipləri”) hazırlanması təklif olunub.
Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikası və Türkmənistanın aidiyyəti dövlət qurumları və Dövlət Qulluğu üzrə akademiyaların nümayəndələri çıxışlarında irəli sürülən təklifləri müsbət qarşılayaraq, rəqəmsallaşma və süni intellektdən dövlət qulluğunda məsuliyyətli və insanmərkəzli istifadənin vacibliyini vurğulayıblar. Onlar kadr proseslərində şəffaflığın və meritokratiya prinsiplərinin gücləndirilməsi, insan nəzarətinin qorunması, ortaq kompetensiya yanaşmalarının inkişaf etdirilməsi və dövlət qulluqçularının yeni nəsil bacarıqlar üzrə hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsini dəstəklədiklərini bildiriblər. Nümayəndələr, həmçinin təcrübə mübadiləsinin konkret birgə təşəbbüslərlə tamamlanmasının və dövlət qulluğunda məsuliyyətli rəqəmsal seçim və idarəetmə üzrə ortaq çərçivənin formalaşdırılmasının Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında praktik əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd ediblər.
Türkiyə Prezident Administrasiyasının Kadrlar və qaydalar üzrə baş direktoru Bilal Şəntürk çıxışında türk dünyasında insan resurslarının inkişafı sahəsində əməkdaşlığın daha sistemli və nəticəyönümlü şəkildə genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Türkiyənin dövlət idarəçiliyi, insan resurslarının inkişafı, rəqəmsal öyrənmə və süni intellekt üzrə qazandığı təcrübəni qardaş ölkələrlə bölüşməyə hazır olduğunu, eyni zamanda, digər üzv dövlətlərin uğurlu təcrübələrindən faydalanmağın əhəmiyyətini qeyd edib. B.Şəntürk ölkələrin ehtiyaclarına uyğun birgə təlim proqramlarının, təcrübə mübadiləsi və əməkdaşlıq mexanizmlərinin, işgüzar səfər və mübadilə proqramlarının həyata keçirilməsi, habelə rəqəmsal təlim imkanlarının qarşılıqlı istifadəyə açılmasını dəstəkləyib. O, bildirib ki, Türkiyənin qarşıdakı dövrdə TDT-yə sədrliyi çərçivəsində insan resursları sahəsində əməkdaşlığın daha sistemli, görünən və dayanıqlı xarakter almasına xüsusi diqqət yetiriləcək.
Çıxışlarda, həmçinin dövlət qulluqçularının peşəkar inkişafı, rəqəmsal bacarıqlarının artırılması, etik prinsiplərin qorunması və texnoloji dəyişikliklərə institusional hazırlıq məsələləri diqqət mərkəzində olub.
Tədbir ikitərəfli görüşlərlə davam etdirilib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Sədrliyi hazırda Azərbaycan Respublikası həyata keçirir.










