Xarici siyasətdə yeni MƏRHƏLƏ: Bakı və Yeni Dehli dialoqu gücləndirir
Cənubi Qafqazda artan geosiyasi gərginliklər fonunda Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, iki qonşu dövlət – Rusiya və İranın müharibə vəziyyətində olması region üçün müəyyən risklər yaratsa da, Azərbaycan həm yaxın, həm də uzaq ölkələrlə münasibətlərdə gərginliyin azaldılmasının tərəfdarıdır.
Onun sözlərinə görə, son dövrlər Azərbaycan–Fransa və Azərbaycan–Hindistan münasibətlərində normallaşma meylləri müşahidə olunur. Şərhçi qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasında müəyyən suallar yaranmışdı. Hindistanın Ermənistana silah satması Bakıda narahatlıq doğurmuş, Yeni Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığını gücləndirməsindən ehtiyat etmişdi.
Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan–Pakistan strateji əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib və bu baxımdan Ermənistanla Pakistan arasında təmasların artması da Bakını narahat etmir.
Analitik əlavə edib ki, Bakı və Yeni Dehli mövcud fikir ayrılıqlarını aradan qaldırmaqda maraqlıdırlar. O, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Hindistan vətəndaşlarının bir qisminin Azərbaycan üzərindən təxliyə edilməsini iki ölkə arasında əməkdaşlığın müsbət nümunəsi kimi qiymətləndirib. Bildirilib ki, martın 30-dək 196 Hindistan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub və Hindistanın Bakıdakı səfirliyi bu dəstəyə görə təşəkkür edib.
Şərhçinin fikrincə, bu hadisədən sonra Hindistandan rəsmi nümayəndə heyətinin Bakıya səfəri və keçirilən görüşlər münasibətlərin inkişafına xidmət edir. O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri ilə Hindistan nümayəndə heyəti arasında keçirilən görüşdə iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq müzakirə olunub, eyni zamanda fikir ayrılığı yaradan məsələlər də diqqətə çatdırılıb.
Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan heç bir ölkə ilə münasibətlərdə gərginlik istəmir və əsas prinsip qarşılıqlı hörmətə söykənir. Onun sözlərinə görə, Fransa ilə münasibətlərdə yaşanan gərginlikdən sonra Parisin Cənubi Qafqaz siyasətini korrektə etməyə çalışması və Bakı ilə əlaqələri normallaşdırmaq istəyi Azərbaycanın maraqlarına uyğundur.
Siyasi şərhçi sonda bildirib ki, Azərbaycan Hindistanla əlaqələrin də əvvəlki səviyyəyə qaytarılmasında maraqlıdır. O, hər iki ölkənin Qoşulmayanlar Hərəkatına üzv olmasını və Azərbaycanın tranzit imkanlarının Hindistan üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Vural









