media-whatsapp-image-2026-09-29-at-12-42-01

Bakıda ucaldılan Şah İsmayıl Xətai heykəlinin üzərindəki bir yazı sosial şəbəkələrdə diqqət çəkib.

ERAmedia xəbər verir ki, jurnalist Sənan Nəcəfov sosial şəbəkə paylaşımında heykəlin kartuş, yəni üzərində “ŞAH İSMAYIL XƏTAİ” yazılmış və ornamentlərlə bəzədilmiş metal lövhə hissəsində kiçik hərflərlə rus dilində “ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ” (“Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov”) ifadəsinin yazıldığını bildirib.

Sənan Nəcəfov qeyd edib ki, heykəlin müəlliflərindən biri məhz İbrahim Zeynalovdur.

Jurnalist bu detalın dövlət vəsaiti ilə ucaldılan monumental abidələr baxımından bir sıra suallar doğurduğunu vurğulayıb.

“Çox xahiş edirəm, peşəkarlar cavab versinlər: dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi icazəlidirmi?” – deyə Sənan Nəcəfov sual edib.

Onun sözlərinə görə, sözügedən abidə tarixi şəxsiyyətə – Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Bu baxımdan Nəcəfov belə miqyaslı rəsmi abidədən şəxsi xatirə məqsədilə istifadə edilməsinin nə dərəcədə doğru olduğunu da sual edib.

Sənan Nəcəfov hesab edir ki, dövlət vəsaiti hesabına yaradılan monumental abidələrdə müəlliflərin şəxsi ailə üzvlərinə ithaflarının yerləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. O, həmçinin belə detalların abidələrin yaradılması və qəbul edilməsi prosesində hansı prosedurlardan keçdiyini araşdırmağa çağırıb.

Jurnalist paylaşımının sonunda izləyicilərə müraciət edərək yazını əvvəllər görüb-görmədiklərini soruşub: “Bilirdiniz və ya görmüşdünüz?”

Mələk Onur


media-adspc

Bənzər xəbərlər