Xəzər dənizinin qorunması naminə regional əməkdaşlıq - ŞƏRH

9 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammiti Xəzər dənizinin qorunması və ekoloji problemlərin birgə həlli baxımından mühüm əhəmiyyət daşıyır. Sammitdə əsas diqqət Xəzərin su səviyyəsinin azalmasına, bunun yaratdığı təhlükələrə və sahilyanı dövlətlərin əməkdaşlığının gücləndirilməsinə yönəlib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Xəzər dənizinin unikal ekosisteminin qorunmasının bütün sahilyanı dövlətlərin ortaq vəzifəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Xəzər təkcə təbii sərvət deyil, həm də regionun nəqliyyat, enerji və iqtisadi əlaqələri baxımından mühüm əhəmiyyətə malikdir. Buna görə də onun ekoloji təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyət tələb edir.
Bu fikirləri ERAmedia-ya açıqlamasında siyasi şərhçi Ramil Orucov deyib.
O qeyd edib, Azərbaycan Prezidenti Xəzərin su səviyyəsinin azalması probleminə xüsusi diqqət çəkib. Bu proses sahil ərazilərinə, limanların fəaliyyətinə, nəqliyyata, iqtisadiyyata və sahilyanı əhalinin həyatına mənfi təsir göstərə bilər. Problemin miqyasını nəzərə alaraq, onun səbəblərinin dəqiq müəyyənləşdirilməsi və mümkün nəticələrin əvvəlcədən qiymətləndirilməsi vacibdir.
Siyasi şərhçi xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev problemin yalnız iqlim dəyişiklikləri ilə əlaqələndirilməsinin kifayət etmədiyini, çaylardan Xəzərə daxil olan suyun azalması və insan fəaliyyətinin təsirlərinin də elmi şəkildə araşdırılmalı olduğunu bildirib. Çıxışında qeyd edib ki, araşdırmalar konkret tədbirlərin hazırlanmasına və gələcək risklərin azaldılmasına xidmət etməlidir. Dövlətlərarası əməkdaşlığın praktiki nəticələrə yönəlməsinin vacibliyi də diqqətə çatdırıb.
Bu baxımdan, Xəzərin su səviyyəsinin azalmasının səbəblərini araşdırmaq və mənfi təsirləri azaltmaq məqsədilə beştərəfli komissiyanın yaradılması barədə qərar sammitin mühüm nəticələrindən biridir. Xəzərin qorunması bir dövlətin səyləri ilə məhdudlaşa bilməz. Elmi araşdırmaların, birgə qərarların və ardıcıl əməkdaşlığın birləşdirilməsi bu problemin həllində əsas şərtlərdəndir. Türkmənbaşı sammiti Xəzəryanı dövlətlərin ortaq məqsəd ətrafında birləşməsi və konkret addımlar atması üçün mühüm imkan yaradır deyə Ramil Orucov əlavə edib.
Mələk Onur









