Xəzərin sahəsi 7% kiçilib - dayazlaşma sürətlənir
Xəzər dənizinin səviyyəsinin azalması sürətlənir.
ERAmedia xəbər verir ki, bu nəticə Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimlərinin apardığı araşdırmada əks olunub.
Tədqiqatın nəticələrinə görə, 1996–2025-ci illər ərzində Xəzər dənizinin su səthinin sahəsi 7,4 faiz azalıb. Bu, təxminən 28,6 min kvadrat kilometr ərazi deməkdir ki, həmin göstərici ərazi baxımından Albaniya ilə müqayisə olunur.
Alimlər bildiriblər ki, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən etibarən davamlı şəkildə enir.
Araşdırmaya əsasən, son 30 ildə dənizin orta dərinliyi təxminən 3 metr azalıb.
Mütəxəssislərin sözlərinə görə, dayazlaşma artıq ciddi problemlər yaradır. Suyun çəkilməsi nəticəsində gəmiçilik çətinləşir, limanların fəaliyyəti məhdudlaşır və sahil xətti yaşayış məntəqələrindən getdikcə uzaqlaşır.
Tədqiqatın aparıcı müəllifi Andrey Kostyanoy bildirib ki, proses nəinki dayanmayıb, hətta sürətlənib. Onun sözlərinə görə, 2005–2019-cu illərdə Xəzər dənizinin səviyyəsi ildə orta hesabla 8,2 santimetr azalırdısa, 2020–2024-cü illərdə bu göstərici təxminən üç dəfə artaraq 22,7 santimetrə çatıb.
Alimlərin proqnozlarına görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi əlavə olaraq 2 metrdən 21 metrədək enə bilər. (Modern.az)









