media-17923978254740528581_1200x630

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə keçiriləcək. Builki sərgidə 32 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və müvafiq qurumlar iştirak edəcək.

ERAmedia xəbər verir ki, bu barədə oktyabrın 19-da XII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Rəvanə Abdullayevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Azərbaycan ədəbiyyatının dünyada təbliği istiqamətində fəal iş aparıldığını və bu fəaliyyətin davam etdiriləcəyini bildirib. O, tərcümələr vasitəsilə dünya ədəbiyyatındakı yeniliklərin Azərbaycan oxucusuna çatdırılmasını və bu sahədə fəaliyyətin intensivləşdirilməsini vacib sayıb. Qeyd olunub ki, əsas prioritetlərdən biri yerli müəlliflərin və ədəbi nümunələrin milli-mənəvi qaynaqlardan bəhrələnməsidir.

Orxan Fikrətoğlu ədəbiyyat sənayesinin formalaşdırılmasının əhəmiyyətinə də toxunub: “Əsas vəzifəmiz ədəbiyyat sənayesini qurmaq, mövcud ədəbi irsimizi beynəlxalq aləmdə tanıtmaq və dünya ədəbiyyatındakı yenilikləri Azərbaycana gətirməkdir. Bununla yanaşı, yazıçıları, nəşriyyatları və kitab bazarının digər iştirakçılarını beynəlxalq hüquq normalarına uyğunlaşdırmalıyıq”, – deyə o vurğulayıb.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə bildirib ki, nazirlik tərəfindən hər il ənənəvi olaraq Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunur. Sərgidə yerli və xarici kitab sənayesi nümayəndələri iştirak edir.

O qeyd edib ki, oktyabrın 21-dən 27-dək keçiriləcək builki sərgidə 32 xarici ölkədən nümayəndələr təmsil olunacaqlar. Sərgi Azərbaycan kitablarının xaricdə tanıdılması və yerli oxuculara təqdim olunması baxımından dövlətin həyata keçirdiyi mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir.

Şöbə müdiri vurğulayıb ki, hər il müəyyən ideya ətrafında təşkil olunan sərginin builki əsas mövzusu uşaqlara həsr edilib. Bu seçim gələcəyin qurucuları olan uşaqlarda kitaba və mütaliəyə marağın artırılmasını hədəfləyir. Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan görkəmli yazıçılar və elm adamları da iştirak edəcəklər. Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunan kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil ediləcək. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən platformalar fəaliyyət göstərəcək.

Vasif Qurbanzadə vurğulayıb ki, Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesində əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.


media-adspc

Bənzər xəbərlər