XİN Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı TƏXRİBATI PİSLƏYİB
27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyirik.
ERAmedia-ya bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğu istisna edilmir.
Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırır.
Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməsini gözləyirik”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.









