Xırdalan bələdiyyəsinin sabiq sədrinin cinayət işi məhkəməyə göndərildi
Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləmiş Orxan Elxan oğlu Musayevin qanunsuz əməlləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
ERAmedia-ya Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumat görə, istintaqla Orxan Musayevin 2020-2025-ci illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Xırdalan bələdiyyəsinə məxsus 1, 92 hektar torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən ucuz qiymətə satmaqla 600 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin qulluq mövqeyindən istifadə etməklə etibar olunmuş külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israfetmə yolu ilə talamasına, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair qanunsuz əməlləri də ifşa olunub.
Toplanmış sübutlar əsasında Orxan Musayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.










