media-17822887753368657426_1200x630

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Meşəşünaslıq laboratoriyasının əməkdaşları Xızı–Altıağac ərazilərində elmi-təqdiqat işləri aparıblar.

ERAmedia-ya bu barədə Botanika İnstitutundan məlumat bildirilib. Tədqiqatın əsas məqsədi Xızı və Altıağac ərazilərində yerləşən meşə fitosenozlarının quruluş və dinamikasını, iqlim dəyişikliklərinin oduncaqlı bitkilərin inkişafına təsirini, meşə ekosistemlərinin ekoloji vəziyyətini və antropogen amillərin təsir səviyyəsini öyrənmək olub. Tədqiqatlar çərçivəsində Altıağacın qərb hissəsində və Xızı–Altıağac istiqamətində yerləşən meşə sahələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı meşə fitosenozlarının sanitar-gigiyenik vəziyyəti qiymətləndirilib, ağacların yaş göstəriciləri, gövdə diametri, sıxlığı və bonitet sinifləri müəyyən edilib. Bununla yanaşı, meşə torpaqlarının vəziyyəti, əsas ekoloji göstəricilər və ekosistemlərin davamlılıq səviyyəsi araşdırılıb.

Aparılan müşahidələr nəticəsində tədqiqat ərazilərində antropogen təsirlərin meşə ekosistemlərinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi müəyyən olunub. Əhalinin təsərrüfat fəaliyyəti, mal-qaranın sistemsiz otarılması, meşələrin qırılması, əkin sahələrinin genişləndirilməsi və digər amillərin torpaq örtüyünün dəyişməsinə səbəb olduğu qeydə alınıb. Məlum olub ki, ərazinin təxminən 90 faizini meşə əmələgətirən enliyarpaqlı ağac növlərinin üstünlük təşkil etdiyi fitosenozlar təşkil edir. Tədqiqatlar nəticəsində meşə ekosistemlərinin üçyaruslu quruluşa malik olduğu müəyyənləşdirilib. Birinci yarus 20–30 metr hündürlüyündə ağaclardan, ikinci yarus ağac və kollardan, üçüncü yarus isə ot bitkilərindən ibarətdir.

Ekspedisiya zamanı sahədən Botanika İnstitutunun Herbari Fondunun zənginləşdirilməsi məqsədilə bitki materialları toplanılıb, dominant və subdominant ağac-kol növlərinin tərkibi müəyyən edilib. Hazırda toplanmış materiallar üzərində laborator şəraitdə təyinat və təhlil işləri davam etdirilir.

Aparılan tədqiqatların nəticələri regionun meşə ekosistemlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması və meşələrin dayanıqlı idarə olunması istiqamətində gələcək elmi araşdırmalar üçün mühüm məlumat bazası formalaşdıracaq.


media-adspc

Bənzər xəbərlər