media-y4mjcs7eqktkof0tishis08igk4oxgojfsqhm9e9

Dalay Lamanın xoşbəxt və mənalı həyat sürmək üçün irəli sürdüyü 25 tövsiyə diqqət çəkir.

ERAmedia xəbər verir ki, bu məsləhətlər gündəlik həyatda sağlamlığa, daxili rahatlığa, insanlarla münasibətlərə və müsbət düşüncəyə daha çox diqqət yetirməyə çağırır.

Tövsiyələr arasında hər gün 10-30 dəqiqə gəzmək, gəzərkən gülümsəmək, gündə ən azı 10 dəqiqəni səssizlikdə keçirmək və sutkada minimum 7 saat yatmaq yer alır.

Dalay Lama daha çox oyun oynamağı, kitab oxumağı, yoqaya və duaya vaxt ayırmağı məsləhət görür. Onun fikrincə, insan enerjisini yeniləmək üçün özünə və mənəvi dünyasına vaxt ayırmalıdır.

Tövsiyələrdə müxtəlif nəsillərlə ünsiyyətin əhəmiyyəti də vurğulanır. Daha çox arzu etmək, ağaclarda yetişən ərzaqlara üstünlük vermək və kifayət qədər su içmək də məsləhətlər sırasında yer alır. Həmçinin hər gün ən azı üç insanı güldürmək və enerjini dedi-qoduya sərf etməmək tövsiyə olunur.

Dalay Lama keçmişdə baş vermiş problemlərin insanın bugünkü həyatına təsir etməməsinin vacibliyini vurğulayır. Doğmalar və dostlarla yaşanan mübahisələri daim xatırlamamaq, neqativ düşüncələrdən uzaqlaşmaq və həyatın bir öyrənmə prosesi olduğunu qəbul etmək tövsiyə edilir.

Məsləhətlərdə nifrətə də xüsusi yer ayrılır. Bildirilir ki, həyat nifrətə vaxt sərf etmək üçün çox qısadır və heç kimə nifrət etməyə ehtiyac yoxdur. İnsan özünü həddindən artıq ciddi qəbul etməməli, hər mübahisədə qalib gəlməyə çalışmamalı və səhv etdikdə bunu etiraf etməyi bacarmalıdır.

Dalay Lama insanları öz həyatlarını başqalarının həyatı ilə müqayisə etməməyə, bağışlamağı öyrənməyə və başqalarının onlar haqqında nə düşündüyünü həddindən artıq önəmsəməməyə çağırır.

Tövsiyələrdən birində dostluğun əhəmiyyəti xüsusi qeyd olunur. İnsanın xəstələndiyi zaman ona ən böyük dəstəyi dostlarının göstərə biləcəyi vurğulanır və buna görə də yaxşı dostları itirməmək məsləhət görülür.

Bundan başqa, faydasız və sevinc gətirməyən şeylərdən uzaq durmaq, həsəd aparmamaq, insan özünü necə hiss etməsindən asılı olmayaraq həyata davam etmək, düzgün davranmaq və doğmalarla daha çox əlaqə saxlamaq tövsiyə edilir.

Bu fikirlərin əsas qayəsi insanın daxili rahatlığını qoruması, sağlam münasibətlər qurması, keçmişlə barışması və həyatın kiçik sevinclərini qiymətləndirməsidir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər