Xüsusilə ağır cinayətlərlə bağlı iki cinayət işi məhkəməyə göndərilib
Əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılmış ibtidai araşdırmalar tamamlanıb.
ERAmedia-ya bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, cinayət işləri üzrə ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfərin məhkəməyə verilməsi təmin edilib.
Belə ki, cinayət işlərindən biri üzrə aparılmış istintaqla Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Məmişov Əhməd Nurəddin oğlunun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Bəyzadlı Orxan Ramiz oğlunu qəsdən öldürməyə iki dəfə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
İstintaq materiallarına əsasən, əvvəlcə zərərçəkmiş şəxsə yaşayış evinin həyətyanı sahəsində odlu silahdan atəş açılmaqla onun qəsdən öldürülməsinə cəhd göstərilib. Bu niyyət baş tutmadığından sonradan Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində yerləşən “Daşburun” dəmiryol stansiyasının yaxınlığında zərərçəkmiş şəxsə mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə həmin cinayət əməlini başa çatdırmağa növbəti cəhd edilib.
Toplanmış kifayət qədər sübutlar əsasında Əhməd Məmişova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.10, 157.2, 221.3, 228.2.1 və 228.2.2-ci, Muxamed (Mukhamed) Abdullayevə isə həmin Məcəllənin 29,120.2.1, 157.2, 221.3 və 228.2.1-ci maddələri ilə ittiham elan edilib.
Digər cinayət işi üzrə isə aparılmış istintaqla Beyləqan rayon sakini Muradov Rahil Mənsim oğlunun müxtəlif vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında transmilli narkotik qaçaqmalçılığı ilə məşğul olmasına, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini təşkil etməsinə, Azərbaycanın dövlət sərhədini dəfələrlə qanunsuz keçməsinə, qanunsuz silah dövriyyəsində iştirak etməsinə, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törətməsinə və ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı müəyyənləşib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda digər şəxslərlə qabaqcadan əlbir olaraq İrandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirərək satış məqsədilə qanunsuz dövriyyəsini təşkil edib. Bundan başqa, dövlət sərhədini qanunsuz keçdikdən sonra digər şəxslərlə birlikdə odlu silahları, onların komplekt hissələrini və döyüş sursatlarını qanunsuz əldə edib, saxlayıb və daşıyıb, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törədib, habelə ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır zərər vurub. Həmçinin növbəti qanunsuz dövlət sərhədini keçmə halında digər şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini həyata keçirməsinə dair kifayət qədər sübutlar toplanıb.
Toplanmış kifayət qədər sübutlar əsasında Rahil Muradova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 206.3.1, 206.3.2, 221.3, 228.2.1, 228.2.2, 229.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.1-ci, Ceyhun Əhmədova həmin Məcəllənin 126.2.1, 126.2.4, 221.3, 228.2.1, 228.2.2 və 229.2.1-ci, Samir Məmmədova isə 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib.
Hər iki cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, ittiham aktları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə və Bakı Hərbi Məhkəməsinə göndərilib.









