“Yanlış dini təbliğat cəmiyyət üçün risk yaradır” – İlahiyyatçı
Sosial şəbəkələrdə dini mövzuların qeyri-peşəkar və məsuliyyətsiz şəkildə təqdim olunması son dövrlər ciddi narahatlıq doğurur. Mövhumat, xurafat və radikal fikirlərin “dini təbliğat” adı ilə yayılması cəmiyyətin mənəvi mühitinə mənfi təsir göstərir.
ERAmedia-nın məlumatına görə, ilahiyyatçı Tural İrfan mövzu ilə bağlı bildirib ki, sosial mediada hər kəsin dini mövzuda danışması düzgün nəticələrə gətirib çıxarmır.
Onun sözlərinə görə, bu cür nəzarətsiz və qeyri-rəsmi təbliğat formaları çox vaxt dini bilikdən uzaq, xurafat və cəhalət üzərində qurulur:
“Bəzən elə bir vəziyyət yaranır ki, din haqqında düzgün məlumat almaq istəyən insanlar əksinə, mənfi mənzərə ilə qarşılaşır və nəticədə dindən uzaqlaşırlar. Bu isə cəmiyyət üçün təhlükəli tendensiyadır”.
Ekspert qeyd edir ki, bəzi hallarda sosial şəbəkələrdə yayılan dini fikirlər məzhəbçilik, ayrıseçkilik və hətta radikal baxışların formalaşmasına səbəb olur. Bu isə cəmiyyət daxilində parçalanma riskini artırır:
“Din insanları birləşdirmək, mənəviyyatını zənginləşdirmək üçündür. Əgər bunun əksinə xidmət edirsə, deməli ya cahillikdən, ya da qərəzli niyyətdən irəli gəlir”.
Tural İrfanın fikrincə, dini təbliğatda əsas meyarlar milli həmrəylik, tolerantlıq və qanunlara hörmət olmalıdır. Hər bir fərd öz inancını yaşarkən ümumi dəyərlərə zidd addımlardan çəkinməlidir:
“Hər kəs öz məzhəb və təriqətinə uyğun yaşaya bilər, lakin bunu elə təqdim etməlidir ki, cəmiyyətin ortaq prinsiplərinə xələl gətirməsin”.
İlahiyyatçı vurğulayır ki, din ya sağlam və düzgün şəkildə təbliğ olunmalı, ya da ümumiyyətlə yanlış istiqamətdə yayılmasına imkan verilməməlidir. Əks halda, “qaş düzəltmək əvəzinə göz çıxarmaq” kimi nəticələr ortaya çıxır.
Mütəxəssislər hesab edir ki, sosial şəbəkələrdə dini mövzuların düzgün istiqamətdə təqdim olunması üçün maarifləndirmə gücləndirilməli, qeyri-peşəkar və zərərli təbliğatın qarşısı alınmalıdır. Bu, həm dini dəyərlərin qorunması, həm də cəmiyyətin sabitliyi baxımından vacibdir.
Vural









