media-media-image_979000750-gyi3er

Beynəlxalq aləmdə artan gərginliklər və müharibələr fonunda Yaponiya hərbi siyasətində ciddi dəyişikliklərə gedir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Tokio artıq silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaqla daha aktiv müdafiə strategiyasına keçir.

Onun sözlərinə görə, Yaponiya hökuməti “Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip” sənədini yenidən nəzərdən keçirməyi planlaşdırır və bu, öldürücü silahların ixracını da mümkün edəcək. Şərhçi qeyd edib ki, əvvəlki qaydalara əsasən, hərbi avadanlıqlar yalnız xilasetmə, nəqliyyat, müşahidə, xəbərdarlıq və mina təmizləmə kimi məhdud məqsədlərlə ötürülə bilərdi.

Elxan Şahinoğlu vurğulayıb ki, Yaponiya artıq 2014-cü ildən etibarən müdafiə qabiliyyətini gücləndirmək istiqamətində addımlar atır və indi bu proses daha da sürətlənir. Onun fikrincə, Tokio həm daxili hərbi sənayenin texnoloji bazasını genişləndirir, həm də tərəfdaş ölkələrlə əməkdaşlığı artırır.

Şərhçi bildirib ki, Yaponiya hazırda 17 ölkə ilə hərbi-texniki əməkdaşlıq müqaviləsinə malikdir. O əlavə edib ki, Avstraliyaya idarə olunan raket freqatlarının satışı ilə bağlı razılıq əldə olunub, Yeni Zelandiya da bu texnikaya maraq göstərir. Eyni zamanda, İndoneziya və Filippinə istifadə olunmuş hərbi gəmilərin verilməsi məsələsi də müzakirə olunur.

Elxan Şahinoğlu diqqətə çatdırıb ki, Tokio Ukrayna ilə də hərbi əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Onun sözlərinə görə, Yaponiya Ukraynaya silah tədarükü planlaşdırır, eyni zamanda Ukraynada istehsal olunan dronlar və dron əleyhinə sistemlərə maraq göstərir.
Siyasi şərhçi qeyd edib ki, Yaponiyanın bu addımları Çin və Rusiyanın narahatlığına səbəb olur. O bildirib ki, Moskva və Pekin hesab edir ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya hərbi gücünü artırmamalıdır. Lakin Şahinoğlunun fikrincə, regionda dəyişən geosiyasi reallıqlar Tokionu bu addımları atmağa məcbur edir.

Ekspert əlavə edib ki, Çinin artan hərbi gücü və Rusiya ilə birlikdə Yaponiya sahillərinə yaxın ərazilərdə keçirdiyi təlimlər Tokionun təhlükəsizlik strategiyasını yenidən formalaşdırmasına səbəb olur. O həmçinin bildirib ki, Çinin Cənubi Çin dənizində süni adalar inşa etməsi bölgədə hərbi balansı dəyişdirir.

Elxan Şahinoğlu sonda vurğulayıb ki, Yaponiya və region ölkələri Çinin bu addımlarına birbaşa mane ola bilməsələr də, müxtəlif hərbi ittifaqlar vasitəsilə balansı qorumağa çalışırlar.

Vural


media-adspc

Bənzər xəbərlər