Yarışmada qorxunc qəza: İştirakçının ayağını kəsdilər - FOTO
Yunanıstanda yayımlanan “Survivor” yarışmasının diqqət çəkən iştirakçılarından biri olan Stavros Floros Dominikan Respublikasında baş verən ağır qəza nəticəsində ciddi xəsarət alıb. Yarış iştirakçısına turistik qayığın çırpıldığı bildirilir. Hadisədən sonra proqramın çəkilişləri müvəqqəti dayandırılıb.
ERAmedia xəbər verir ki, Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, hadisə Agios Dominikos bölgəsində qeydə alınıb. Bildirilir ki, Stavros Floros çəkilişlərdən kənar vaxtda sualtı balıq ovu ilə məşğul olarkən turist qayığı ona çırpılıb.
Qəzanın ardından çəkiliş heyəti dərhal hadisə yerinə gələrək yarış iştirakçısına ilkin tibbi yardım göstərib. Daha sonra o, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və müalicəyə götürülüb.
“Survivor” layihəsinin yaydığı açıqlamada bildirilib:
“Hazırda əldə olunan məlumatlara əsasən, qəza yarış iştirakçısının yarışma prosesi xaricində zıpkınla balıq ovu etdiyi zaman turist qayığının ona çırpılması nəticəsində baş verib. İlk andan etibarən yaralıya yardım göstərilməsi və təhlükəsiz şəkildə xəstəxanaya çatdırılması üçün operativ tədbirlər görülüb. Hadisənin səbəbləri və bütün detalları aidiyyəti liman qurumları tərəfindən araşdırılır. Yarış iştirakçısının vəziyyəti ağır olsa da stabildir və həyati təhlükəsi yoxdur”.
Yarışmanın prodüser şirkəti hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Eyni zamanda sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara qarşı diqqətli olunması tövsiyə edilib.
Qeyd olunub ki, yarış iştirakçısının səhhəti ilə bağlı yeniliklər ictimaiyyətə açıqlanmağa davam edəcək.
Vüsalə










